“Söyüş qoymaqla adamların küçəyə çıxmaması mümkünsüzdür”

Manşet şou-biznes
Loading...

Modern.az saytı “Evdə qal” rubrikasını davam etdirir. Növbəti həmsöhbətimiz telejurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmlidir.

O, koronavirusla mübarizə şəraitində evdə keçirdiyi vaxtı səmərəli etməyin yolları haqqında fikirlərini bizimlə bölüşüb. Müsahibəni təqdim edirik:

Qulu müəllim, #evdəqalanda necəsiniz?

Əslində, yaxşıyam. Amma yaxşılıq deyəndə bir qədər qeyri-ənənəvi durumdur. Amma alışmalıyıq.

Deyirlər, dünyada ən dözülməz məsələ qeyri-müəyyənlikdir. Koronavirus da bir az belədir. Əlamətləri də o qədər aydın deyil. İnsanlar bu cür qeyri-müəyyənliyin içərisindən necə çıxmalıdır?

Bizim də xəstəliklər bağlı biliklərimiz azdır. Televiziyada, verilişlərdə peşəkar həkimlər danışır. Amma onların xəstəlik barədə çıxışlarında da dərinlik hiss etmirəm. Koronavirusun elmə təxmini 40 növü məlumdur. Amma hazırkı COVİD 19 virusu Çindən yayılan və mutasiyaya uğramış epidemiyadır. Virusun çarəsini tapmaq üçün bütün dünya alimləri toplanır. Gəlinən nəticələr belədir ki, fərqli əlamətlərlə özünü göstərsə də, qızdırma, qrip simptomları əsasdır. Mən artıq belə hesab edirəm ki, virusdan qorunmağın əsas yolu karantin qaydalarına əməl etməklə yanaşı immuniteti möhkəmləndirməkdir. Elə etməliyik ki, virus bədənə daxil olduqda zərər yetirməsin. Əlavə xəstəliklərlə yanaşı təsir etdikdə koronavirus öldürücü ola bilir. Mənə elə gəlir ki, nə qədər narazı olsaq da, televiziya və mediamız gigiyena qaydalarına, karantin rejiminə əməl etməklə bağlı maarifləndirə bilir. Kim nə deyir, desin görülən tədbirlər virusdan qorunmaq üçün əhəmiyyətlidir. Sadəcə, qayda-qanunlara, təlimatlara əməl etmək vacibdir. Bütün sosial izolyasiya tədbirləri, qayda-qanunlar insanların sağlamlığının qorunmasına xidmət edir.

Koronavirusla bağlı yol verdiyimiz yanlışlıqlar nələrdir?

Çox ciddi yanlışlardan biri yayılan şayiələrdir. Kİmsə ortaya bir iddia atır, koronavirus laboratoriyada hazırlanıb, Çinlə Amerikanın oyunudur və s. Virusa təxribat kimi yanaşmaq, siyasi rəng vermək belə bir vəziyyətdə düzgün deyil.
Reallığı da qəbul etməliyik. Avropada səhiyyə inkişaf etmiş olsa da, insanların məhsuliyyətsizliyi problem yaradır. Öz səhiyyəmizi isə özümüz bilirk. Laqeydlik göstərmək indiki məqamda mənfi nəticə verir.

Ölkədə demək olar hər şey onlayn rejimə keçib. Xüsusilə təhsildə onlayn sistem tətbiq olunur. Siz də tələbələrinizə bu cür dərs keçirsiniz?

Tələbələrlə videodərs aparırıq. Onlar demək olar, hər gün zəng edirlər, yazırlar, sual verirlər. Çalışırıq ki, adı dərs günlərindən fərqli olmayan formada təhsili davam etdirək. Əslində karantin günləri həyatın axışı ilə bağlı ciddi problemlər yaratmır. İnsanlar onlayn şəkildə işlərini həll edə bilirlər. Sadəcə, bu günlərdə hərəkət məhdudlaşır. Belə olduğu halda isə qidalanma rejiminə xüsusi yanaşmaq, kaloritli qidalardan uzaq qalmaq lazım gəlir.

Qidalanma demişkən, evdə qaldığınız müddətdə immunitetinizi necə möhkəmləndirirsiniz?

Mən əslində əvvəldən də bu məsələlərə diqqət edirəm. İmmuniteti gücləndirmək üçün tutumlu qidalardan istifadə etməyə çalışıram. “YouTube”da, digər sosial şəbəkələrdə qidalanma ilə bağlı məsləhətlər çoxdur. Əsas məsələ sağlam qidalanmaq və hərəkət edə bilmək üçün bir qədər az yeməkdir.

Evdə qalaraq hərəkət edə bilirsinizmi?

Bizim qapalı heyətimiz var. İnsanlar bayıra az çıxırlar. Ona görə həyət də sakit olur. Heç kim olmayanda çıxıb gəzmək olur. Evdən çıxmayanda isə yarım saatdan, 40 dəqiqədən bir oturduğumuz yerdən qalxıb, hərəkət etməliyik. Kiçik idman hərəkətləri ilə bədənin müxtəlif əzələlərini hərəkətə gətirə də bilərik.

İndi jurnalistlər, psixoloqlar, sosioloqlar koronavirusun neqativlərindən qurtulmaq, insanların kefini açmaq üçün müxtəlif çıxış yolları düşünürlər. Sizcə, insanlara müsbət, yumor bəxş edən nə tapıb verməliyik?

Bizim xalq olaraq psixologiyamız onsuz da belədir. Hələ də ciddi finala girə bilmirik. Hər şeyə lağlağı ilə yanaşırıq. Fərqli ölkələrdən də internetdə yayılan yumorlu videoroliklər var. İnsanlar belə materialları biri-birinə ötürməklə yaxşı əhval-ruhiyyə yaratmağa çalışırlar. Mənə elə gəlir ki, bu məsələdə problemimiz yoxdur.

İnsanlar bəzi hallarda qadağalara əməl etmirlər. Dediyiniz məntiqlə yanaşaraq, bunu da yumorla təmin edə bilərikmi?  Ya da evdən çıxana söyüş qoyasan ki…

1980-ci illərin sonunda Bakıda kütləvi mitinqlər olanda Meydandan dağılmamaq üçün şüarlar yazırdılar. Məsələn, evə gedən filankəsdir, meydandan çıxan filan şey olsun və s. Adamlar buna biri-birinin yanında əməl edirdilər.
İndiki karantin rejimi çox optimaldır. Yuxarıda qeyd etdiyim yumoristik məqamları kiçik qruplarda etmək olar. Məsələn, tələbələr sözü bir yerə qoyurlar ki, dərsə gəlməsinlər, evdə qalsınlar, yaxud qadağalara əməl etməyən hansısa dostlarını boykot etsinlər. Belə kiçik qruplarda həmin şərtlər effekt verə bilər. Amma geniş pandemiya şəraitində səmərəli olmaz.

Araşdırmalar göstərir ki, İkinci Dünya Müharibəsi ən çox insan tələfatına səbəb olmuş hadisələrdəndir. Son yüzilliklərdə heç bir hadisə bəşəriyyəti bu cür kütləvi çıxılmaz vəziyyətə salmayıb. İnsanlar bir az aciz, yazıq görünürlər… 

Məncə, yazıq deyil,  daha çox insanlar kimsəsizdir, tənhadır, gücsüzdür. Bir virus ki, yoluxmadıqda 72 saat yaşayır, amma insanın bədəninə daxil olduqda ölümcül fəsadlar törədir. Bu virusun qarşısını almaq üçün ən güclü dövlətlər, ən inkişaf etmiş laboratoriyalar, ən yaxşı alimlər gücsüzdür. Hazırda heç bir dövlət nüvə silahı yaratmaq, kosmosa raket buraxmaq, güc nümayişi etmək haqqında düşünməməlidir. Bütün dünya gücünü insanı qorumağa sərf  etməlidir.
Koronavirusu bir növ təbiətin cəzası kimi də qəbul etmək olar. Baxın, Yer kürəsinin resursları amansızca istismar olunur, ekoloji problemlər baş alıb gedir, insanların xarakteri də dəyərlərdən xeyli uzaqlaşıb. Bunu bir növ cəza kimi də qəbul etmək olar.

Koronavirusdan sonra insanların psixologiyasında, xarakterində kəskin dəyişikliklər olacağını düşünürsünüzmü?

Kütləvi dəyişiklik olacağını düşünmürəm, amma bir çox insanın düşüncəsinə indiki durum təsir edə bilər. Məsələn, kimsə rəhmətə gedir, dəfn olur və insanlar qəbirstanlıqda mənəvi süzgəcdən keçir, həyat haqqında düşünürlər. Amma oranı tərk etdikdən sonra həmin düşüncələrdən uzaqlaşırlar. Çünki naqisliklər insan psixologiyasında o qədər oturuşub ki, belə yollarla aradan qaldırmaq çətindir.
Deyirlər ki, koronavirusdan sonra yeni dünya düzəni yaranacaq, fərqli insan surəti olacaq – bu əslində şərti ifadələrdir, amma mümkünsüz deyil.

Qulu müəllim, gəlin, inanclara da toxunaq. 2020-ci ili dünya üçün ümumi vəziyyətin yaxşılığa doğru dəyişməsinin  başlanğıcı kimi gözləyirdik.  Amma əksinə oldu sanki. Hətta deyirlər ki, bu il heç düşərli olmadı, tezliklə bitsəydi, problemlər həll olunardı. Necə düşünürsünüz, başımıza gələnlər 2020-ci ilin uğursuzluğudur?

Bu barədə ilk dəfə deyil ki, danışılır. Epidemiya haqqında çoxlu filmlər, əsərlər, kitablar var. Dünyanın bioloji silaha keçdiyi haqqında mövzu düşünüb, film çəkən ölkələr var. Ekologiya bu qədər çirkləndikdə, insan psixologiyasında aşınmalar olduqda, dünya militaris yolu seçdikdə, yayılan bəlaları da bununla əlaqələndirmək ağıla gəlir. Xeyirlə şər yanaşıdır – bunu da deyirik. Qəbul etmək lazımdır ki, yaxşı gün varsa, pis gün də var, virus varsa, antivirus da var. Bunun da aradan qalxacağını düşünürəm.

Ailə üzvləri, yaxınlarla, nəvələrlə görüşürsünüzmü? Qonaq gedib, qonaq qəbul edirsinizmi?

Qaydalara əməl edirik, kütləvi görüşlər olmur. Dostlarla isə sadəcə zəngləşirik. “YouTube”da “Pressklub TV” kanalımız var, internet üzərindən onu idarə edirik. Karantin rejimində yeganə problem nəvələrlə görüşməkdir. Nəvəmin biri xaricdə oxuyur, xeyli müddətdir, qayıdıb. İndi o bizi bir növ idarə edir, zəng edir ki, evdən çıxmaq olmaz, bütün qadağalara əməl edin. Nəvələrlə də, dostlarla da, qohumlarla da  görüntülü danışırıq. Bir sözlə, yaranmış vəziyyətə uyğun hərəkət trayektoriyası cızmaqla, müvafiq addımlar ataraq, həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik.

Koronavirus dönəmində mediamızın fəaliyyətini necə qiymətləndirirsiniz?

Mən əslində medianı, televiziyalarımızı həmişə tənqid edirəm. Bunun da ciddi səbəbləri var. Amma hazırda medianın fəaliyyətində ciddi problemlər,narazılıq yoxdur. Düzdür, bəzən mənasız reportajlar izləyirik, kimi isə maska taxmadığına görə tənqid edirlər, 5-10 dəqiqəlik küçəyə hava almağa çıxan qocalara irad tuturlar, hansısa ərazinin dezinfeksiya edilməsini şişirdib, xəbər edirlər və s. Media bunlardan daha çox fundamental ciddi məsələlərdən danışmalıdır. Türkiyədə “eyni manşet” təşəbbüsü həyata keçirilir. Bu müsbət haldır. Virus eynidir, tələblər, qadağalar eynidir, virusla mübarizə də eyni olmalıdır. Bu baxımdan informasiya və maarifləndirmə işi də bir platformada aparılmalıdır. Vahid yanaşma sistemi olması daha məqsədəuyğundur. Birinci məlumatların doğru-düzgün verilməsi, ikinci panikanın azaldılması, üçüncü isə maarifləndirmə işinin aparılması medianın üzərindədir.

Qulu müəllim, #evdəqalmaq insanın yaradıcılığına necə təsir edir. Məsləhətləriniz maraqlıdır, #evdəqalaq, amma nə edək?

Əslində bu, insanların fərdi məsələsidir. Günün çox hissəsini, işdə qaçhaqaçda keçirən adamlar evdə yığılıb qalan işləri həll edirlər. Çoxlu kitablar var, həll edilməli yığılıb qalan işlər var. Mən kiçik bir yaddaş planı hazırlamışam, hər səhər nəzər salıram ki, bu gün bunları etməliyəm. Çatdırmadıqlarımız da olur, amma salamatlıq olsun, bu hadisələr bitəndən sonra hamımız evdə nə iş görmüşüksə, səs-sorağı çıxacaq.

Karantin rejimi insanların ailə qurmaq, evlənmək planlarına mənfi təsir edib. Biz gənclərə hansı optimist məsləhətləri verə bilərik?

Evlənmək istəyən adamlar da şəraitə baxmayaraq, axtarışlarını davam etdirir. Təbii ki, bu proses də cəmiyyətə və insanlara zərər vurmadan. Toylar təxirə salınıb, amma indiki şərait heç kimə evlənməyi qadağan etmir. Koronavirus toylarımızla bağlı yeni ənənə yarada bilər. Biz niyə toya 500-1000 adam çağırmalıyıq? 70-80 nəfərlə, israfçılığa yol vermədən bu toyu yola vermək olar. Eybəcərlikləri aradan qaldırmaq üçün də düşünmək lazımdır.

Heç olubmu, maddi imkanı yaxşı olan dostlarınızdan hansına isə deyəsiniz ki, Koronavirusla Mübarizəyə dəstək Fonduna yardım etsin?

Fonda pul keçirənlərin siyahısında bir müəssisə rəhbəri var idi. İmkanından çox az pul keçirmişdi. Ona zəng etdim ki, belə olmaz, həmin pulları nə vaxt xərcləməyi düşünürsən? Hesab edirəm ki, Fonda 1 manat verən də yaxşı insandır. Bundan başqa imkanlı şəxslər bir neçə ailəyə spirt, maska yardımı da edə bilərlər, tək yaşayan yaşlı insanlara dəstək ola bilərlər.

Son olaraq, darıxdığınız adam varmı?

Çoxlu adamlar var. Dostlarla görüşə bilmirik. Amma daimi zəngləşirik. Dediyim kimi, tələbələrlə, müəllim həmkarlarla, dostlarla internet vasitəsilə əlaqə saxlayırıq. Məndən yaşlı insanlara hərdən zəng edib, ürək-dirək də verirəm.
Bəzən deyirlər ki, elnən gələn toy-bayramdır. Amma burada bayramlıq bir məqam yoxdur. Ciddilik olmalıdır. İnsanlar özlərini, yaxınlarını, ətrafdakıları düşünməlidir. Dua edək ki, bu bəla tez keçib getsin. Normal həyatımıza qayıdaq.

Xəbərin olsun:  Ermənilər atəşkəsi pozmaqda davam edir

Загрузка...