Sovet ordusunun “Anadoluya yardım” adıyla Azərbaycanı işğal edəcəyi barədə Rəsulzadənin proqnozu – ÇIXIŞ

Manşet Məlumat SON XƏBƏRLƏR
Loading...

“Əfəndilər! Mütəcasir bir ultimatum qarşısında bulunuruz. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək?.. Kimə tərki-mövqe ediriz?.. Bizə deyirlər ki, hüdudumuzu keçən ordunun başında Nicati namında bir Türk komandanı durmuşdur. Rusiyadan gələn bu mütəcaviz ordu, təmin edirlər ki, həyat və məmat mücadiləsində bulunan Türkiyəni xilas üçün gedir.

Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır, amali-milliyyəmizin təbcil elədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və təşyi edəriz , fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çığnamasın. Halbu¬ki, əfəndilər, bizdən soruşmadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir!

Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi iğfal edirlər. Yalandır, gələn ordu rus ordusudur. Fərzən komandanı bir Türk olsa da yenə rusdur. İstila ordusudur; onun istədiyi 1914-cü il hüduduna qonmaqdır.Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir.

Qızıl Rusiya ilə bəhəməhal anlaşmaq üçün hökuməti mütləqa bolşeviklərə təslim və ultimatumu qəbul etmək zilliyyətinə qatlanmağa ehtiyac yoxdur. Bu mütəcasiranə ultumatum kəmali-nifrətlə rədd edilməlidir. İxtilalçı Rusiya ilə mübariz Türkiyənin müvasilə və təsanüdünü təmin etmək zərurətiylə radikal bir hökumətin məbusan tərəfindən təşkili və bu hökumətə səlahiyyəti-vasiə verilməsiylə tədili-siyasət etmək qabildir . Məbusan zatən böylə bir təşəbbüslə məşğuldur. Bu surətlə həm Rusiya ilə bir lisani-ümumi bulunar , həm də istiqlali-millimiz rəxnədar olmaz , eyni zamanda, Anadoluya imdad məqsədi də hasil olur. Başqa cür edilən hər hansı bir güzəşt hüquqi-milləti təslimdən ibarət olur ki, buna qatlanmaq mühilli-şərəf olduğu kimi, böyük bir fəlakəti dəxi mücibdir!..
İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir Məclisə dinlədiyi bu ultumatumu qəbul etmək hökuməti kəndi əliylə dost kisvəsinə bürünmüş düşmənə təslim etməkdir! Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır!..”.

“Yeni Kafkasya” dərgisindən (27.IV.1923, sayı 15, ss. 8-9)

Загрузка...