“Siz tək deyilsiz!” aksiyası müharibədən zərərçəkmişlərə yardımı ilə dövlətə dəstək ifadə etdilər

Sosial
Loading...

27 sentyabrdan müharibə şəraitində yaşayan ölkədə sosial vəziyyət və partiya mənsubiyyətindən asılı olmayaraq hər kəs cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi, hər kəs maddi və mənəvi dəstəyi ilə müharibədən və erməni terrorundan zərər çəkmiş əhalinin yanında olmağa çalışdı. Elə bu birliyin nəticəsidir ki, 30 il işğal altında qalan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günə geri qaytarıldı. Bu 44 gün müddət ərzində hər kəs imkanı dərəcəsində maddi və mənəvi yardımla zərərçəkmişlərin yanında olaraq, dövlətə dəstəyini əsirgəmədi, əməlləri ilə dövlətin yanında olduğunu bildirdi.

Azadmedia.az  saytı xəbər verir ki, bu ağır gündə AzMİA (Mebel İstehsalçıları Assosasiyası) və ABAİ İB (Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi) “Siz tək deyilsiz!” aksiyasına başlayıb, əllərindən gələn maddi yardımlarla dövlətə dəstəklərini ifadə ediblər.
Aksiya çərçivəsində birlik üzvləri bu yaxınlarda Gəncə və Bərdə şəhərlərində raket düşmüş, dağıdılmış ərazilərdə olmuş, dağıntı yerlərində həlak olanların xatirəsini yad etmiş, zərər çəkmiş sakinlərə maddi və mənəvi yardımlar edərək dəstəklərini ifadə etmişlər. Şəhid ailələrinə də baş çəkib dəstəyi də unutmayan bu xeyirxah aksiyanın üzvləri qospitallarda müalicə alan əsgərlər və hərbçilərlə görüşmüş, onlara Vətən müharibəsində iştirakları üçün təşəkkür edərək yardımlar göstərmiş, qayğı və problemləri ilə maraqlanmışlar.

AzMİA-dan saytımıza bildirdilər ki, aksiyaları bununla kifayətlənməyib, Bərdə, Tərtər, Gəncə, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Cəbrayıl və Ağcabədi rayonlarında da müharibədən əziyyət çəkən insanların yanında olub, onların maddi və mənəvi problemlərinin həllində yardımçı olmağa çalışıblar.
Aksiyanı təşkil edən rəhbərlik onu da vurğuladı ki, istər məcburi köçkünlər, istər sərhədyani ərazilərdə yaşayan əhali, istər dağıntıdan zərər çəkmişlər, istərsə də yaralı hərbçilərlə görüşlər zamanı onların dövlət qayğısı ilə tam əhatə olunmasının şahidi olublar, görüşdüyü insanlar diqqət və qayğı üçün ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz təşəkkürlərini ifadə ediblər. Xeyirxah aksiyanı təşkil edənlər də ölkə başçısının səsinə səs verdiklərini, onların etdikləri xeyirxahlıqlardan güc aldıqlarını bildiriblər.

Sonda aksiyanı təşkil edən AzMİA (Mebel İstehsalçıları Assosasiyası) və ABAİ İB-dən (Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi) saytımıza bildirdilər ki, bu vaxta qədər 1934 ailəyə maddi dəstək olublar, gələcəkdə də yaşayış bərpa olunacaq işğaldan azad olunmuş torpaqlarımıza qayıdan həmvətənlərimizə, şəhid ailələrinə və imkansız ailələrə dəstək olmağa çalışacaqlar.       

Загрузка...