Sığorta bazarında etimad mühiti:Onun yaranmasına kim mane olur? – TƏHLİL

Manşet Sosial
Loading...

  Evlərin sığortası icarəçi kimi və ya sahib olduğunuz əmlakınızı gözlənilməz risklərdən qorumağın ən təhlükəsiz yoludur.
Məcburi və ya istəyə bağlı edilən sığortalar evlərin müxtəlif fəlakətlər və dağıntılara səbəb ola biləcək gözlənilməz vəziyyətlərdən qorunmasını təmin edir. Daşınmaz əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” Qanun 2012-ci ilin yanvarından rəsmən qüvvəyə minib. Ancaq fiziki şəxslərin əmlaklarının sığortasına ciddi nəzarət edilmədiyi üçün vətəndaşların bu məsələyə marağı çox aşağıdır. İndiyədək icrasız qalan “İcbari sığortalar haqqında” Qanunun daşınmaz əmlakla bağlı müddəaları 2020-ci ildən işə düşüb.
İcbari Sığorta Bürosu bu istiqamətdə müəyyən yeniliklər edir. Bunlardan biri də evlərin sığortasının internetlə mümkün olmasıdır. Bu barədə fevralın 20-də REAL TV-nin canlı yayımına qonaq olan İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov məlumat verib: “Daşınmaz əmlakın icbari sığortası bazarının həcminin artırılması, eyni zamanda bu sahənin elektronlaşdırılmasının da məcburiliyini göstərir. Bildiyiniz kimi, artıq Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır”.
Onun sözlərinə görə, avtonəqliyyat vasitələri sahibləri sığorta şirkətlərinə elektron qaydada müraciət edir. Daxili İşlər Nazirliyi və İcbari Sığorta Bürosunun informasiya sistemləri inteqrasiya olunduğu üçün sığorta şəhadətnamələri elektron qaydada verilir. O qeyd edib ki, buna bənzər sistemi biz daşınmaz əmlakın icbari sığortasının hər 3 növünə tətbiq etmək istəyirik: “Bu dəyişiklikləri həyata keçirmək üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır. Lakin Nazirlər Kabinetində keçirilən müşavirədə bu layihənin qanun qəbul edilmədən test rejimində tətbiq edilməsi barədə qərar verilib və biz artıq bu layihənin icrasına başlamışıq”.
Xatırladaq ki, 2016-cı il noyabrın 1-dən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin bağlanılması kağız daşıyıcılardan elektron sənəd formasına keçirilib.
Maraqlıdır, sığorta hadisəsi zamanı evlərə dəymiş ziyana görə, ödənişlər də elektron qaydada verilə bilərmi? Ödənişin elektron olarsa, ən azından sığortaçı ilə sığorta edən arasında etimad mühiti yaranar.
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə bildirib ki, elektronlaşma müasir dünyada olduqca rahat bir prosesdir: “Hesab edirəm ki, Rəşad Əhmədovun dediyi bir anonsdur, amma burada çox ciddi problemlər var. Əslində, bu, müasir dünyada olduqca rahat bir prosesdir. Necə ki, biz öz layihəmizdə hər şeyi elektron edirik, bənzər prosesi əmlakda və digər sığorta ödənişlərində də tətbiq etmək olar. Lakin burada önəmli məsələ, internet üzərindən məlumat bazasına əlçatanlığın təmin edilməsidir. Avtomobillərin sığortasında bu mümkündür. Belə ki, avtomobillər sığorta edilən zaman maşının dövlət nömrə nişanını sistemə daxil edirik, bu zaman avtomatik olaraq həmin nəqliyyat vasitəsi və onun sahibi barədə məlumatlar çıxır. Bu zaman müqaviləni elektron şəkildə bağlamaq da, göndərmək də mümkün olur. Təəssüf ki, bu gün əmlakın sırf sığorta məqsədlərinə cavab verəcək şəkildə bazası yoxdur. Hazırkı İqtisadiyyat Nazirliyinin tərkibində olan Əmlak Komitəsinin əlində müəyyən məlumat bazası var. Lakin bu məlumat bazasının sığorta məqsədləri üçün istifadəyə uyğunlaşdırmaq lazımdır. Digər tərəfdən sənədsiz evlərlə bağlı məsələlər həll olunmalıdır ki, bu məlumat bazasında Azərbaycanın bütün əmlak reyestri öz əksini tapa bilsin. Əmlakın reyestri tamamilə elektronlaşandan sonra İcbari Sığorta Bürosunun məlumat bazası inteqrasiya olunmalıdır ki, sığorta müqavilələrinin İcbari Sığorta Bürosu vasitəsilə əmlak reyestrinə həmin məlumatları çəkmək və bağlamaq mümkün olsun. Amma hazırda bu mümkün deyil. Çünki işlər olduqca ləng gedir. Hətta demək olar ki, hazırda inteqrasiya barədə heç bir iş getmir. İqtisadiyyat Nazirliyinin yeni strukturundan sonra həmin məlumat bazasının İcbari Sığorta Bürosuna ötürülməsi ilə bağlı hüquqi problem var. İqtisadiyyat Nazirliyi bəyan edir ki, həmin məlumatları İcbari Sığorta Bürosuna və digər şəxslərə ötürə bilməz. Bunun üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Əslində, sığorta müqavilələrinin elektronlaşması baş versə, bu zaman vətəndaşlar mobil telefonla belə girib öz əmlakların sığorta edə bilərlər, sığorta şirkəti də vətəndaşın sənətlərini, çağırışının sürətini istəmədən elektron şəkildə əmlakının sığortasını yoxlaya və sığorta yaza bilərlər”.
“Təəssüf ki, sığorta qanunvericiliyi müasir tələblərə tam uyğunlaşdırılmayıb”
Dəymiş ziyana görə sığorta ödənişlərinin elektron qaydada verilməsinə gəlincə, ekspert bunun mümkün olduğunu deyib: “Amma daşınmaz əmlakın sığorta hadisəsində elektron ödənişlərin tətbiq olunması üçün qanunvericilikdə müəyyən maneələr var. Məsələn, qanunvericiliyə görə, sığorta hadisəsi baş verirsə, vətəndaş sığorta şirkətinə sığorta tələbi irəli sürməlidir. Yəni, zərərçəkmiş ona ödəniş olunması üçün gəlib imza çəkməlidir, yaxud da şirkət özü vətəndaşa dəymiş zərərlə tanış olub imzalamalıdır. Bu gün vətəndaşların heç də hamısı elektron imzadan istifadə etmir. Çox təəssüf ki, sığorta qanunvericiliyimiz hələ də müasir tələblərə tam uyğunlaşdırılmayıb. Əslində, bu yeniliklərin əksəriyyəti dünyada uzun illərdir ki, tətbiq edilir. Azərbaycan bu proseslərdə gecikir. Buna səbəb də müəyyən inteqrasiya, qanunvericilikdə müvafiq dəyişikliklər olunması, eləcə də əhalinin müasirləşməsi və maariflənməsi kimi məsələləridir. Bunlar həll olunandan sonra niyə də olmasın?!”

Xəbərin olsun:  “Əttökən seriallara görə narahat olmağa dəyməz” - Efir məkanı təmizlənir?

Загрузка...