Şərq adamının fərqi – MAHİR ABBASOV

ədəbiyyat Manşet Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

Şərq insanı haqda monoloq

Şərq insanı kədəri çox sevir və onu həyatının mərkəzində tutur. Bundan dolayı tez-tez gülmək ədəbdən sayılmaz bu torpaqlarda. Yalnız iki gənc bir damın altına köçəndə və onların övladları dünyaya göz açanda qohum-əqrəba, qonum-qonşu ürəkdən gülər. Əgər körpə oğlan uşağıdırsa, bu gülüşlər daha təbii olub ucadan səslənər. Uşaq ki dil açıb danışmağa, ayaq açıb qaçışmağa başladı , yenə evi qəm-qüssə götürər. Buna şərqin səbəbsiz kədəri deyirlər. Məcnunun Allahdan dilədiyi, Molla Vidadinin tabını gətirdiyi kədərdən yekə bir parça var onun içində.

Ayran aşının duzu kimi, türk alaçığının naxışlı keçəsi kimi bu adamların da kədəri onlardan qopub ayrı düşə bilməz.
Şərq insanı gənclik görmür, uşaqlıqdan qocamanlaşır, müdrikləşir. Bu gün öyüd alıb, sabah nəsihət verir. Bir öyüdlə min dağı aşır, ağsaqqalın yolunu gətirib onun yoluyla gedir. Elmə dəyər verir, amma təkcə elmli olmağın kifayət olmadığını da bilir. Yoxsa şərqin Şirazisi əməlsiz alimi məşəl gəzdirən kora bənzətməzdi.

Şərq insanı çox sevir, elə sevir ki, nə Şekspirin qələmi, nə də Pikassonun fırçası belə bir sevgiylə təsvirə gəlməyib. O bəzən sevgisi üçün şair olur, bəzən də əlinə külünc alıb qayaları yarır. Bu sevgini Tacmahalın divarları, bir də Təbriz xalçaları çiyinlərində daşıya bilər ancaq.

Şərq insanı çox haqsızlıq görüb. Bir zamanlar əliaçıqlığından əlindən alınanlar indi ona misliylə satılır, hələ üstünə bir də Luvrun, Ermitajın minnəti qoyulur.

Şərq insanı zəhməti sevir, ovcundakı qabarlar, üzündəki qırışlar onun şərəf nişanıdır. Taleyə bütün qəlbiylə inanır və başına gələn müsibətlərdən səbrlə sıyrılıb çıxır.

Və şərq insanı ölməz, ömrünü bağışlayar, gözü yaşlı övladlarına, qara bağlamış həyat yoldaşına, yasına gəlmiş yaxınlarına, bir də Şərqin sönməz günəşi altında doğulan bütün insanlara.

Загрузка...