Şəbəkə marketinq sisteminin ortaya çıxardığı bəzi etik, sosial problemlər… – ARAŞDIRMA

Cəmiyyət SON XƏBƏRLƏR
Loading...

Şəbəkə marketinqinin işləmə mexanizmi haqqında quql axtarış sistemindən, ya da yutubdan bol miqdarda məlumat əldə etmək olar. Bunun üçün “şəbəkə marketinq”, “network marketing” kimi ifadələrlə axtarış etmək kifayətdir. Belə bir axtarış zamanı bir məsələnin şahidi oldum ki, məlumatlar müəyyən firmaların tək tərəfli reklamı mahiyyəti daşıyır, ya da sistemin işləmə mexanizmindəki mənfi hallar, ortaya çıxan bəzi etik və sosial problemlər haqqında ümumiyyətlə çox az sayda, ya da heç məlumat verilmir.
Mövzu ilə bağlı daha əvvəlki bir yazıda şəbəkə marketinq sisteminin İslama görə hökmündən bəhs etməyə çalışmışdım. Həmin yazını BURADAN oxuya bilərsiniz. Bu yazıda isə qərara gəldim ki, şəbəkə marketinq sisteminin ortaya çıxardığı, ya da ortaya çıxma ehtimalının yüksək olduğu bəzi etik və sosial problemlərdən bəhs edim. Onu da qeyd edim ki, burada əsas məqsəd konkret olaraq hər hansı firmanı açıq və ya qapalı şəkildə tənqid etmək deyil, sadəcə olaraq ümumi mənada şəbəkə marketinq sistemini analiz və təhlil etməkdir.
Yeniavaz.com xəbər verir ki, bu sistemdə insanlar bir-birinə məhsul satmaqdan daha çox bir-birilərini sistemə yeni üzv kimi daxil etməyə çalışırlar. O da digərini, o da digərini sistemə daxil etməklə beləcə piramidavarı bir sistem formalaşır. Sistemə daxil olan distribyutor və ya üzvlər gəlirlərinin əksər hissəsini sistemə daxil etdikləri yeni üzvlərdən, sonra da onların başqalarını sistemə daxil etmələrindən qazanırlar. Satılan məhsulun keyfiyyəti nə olsa da, məhsul həmişə ikinci planda, hətta bəzilərində bəlkə də heç planda olmur.
Bu söylənənlərin həqiqiliyini yoxlamaq istəyənlər bu işdən xeyli pul qazanan distribyutorların yutuba qoyduqları videolara baxa bilərlər. Burada çox nadir hallarda məhsuldan bəhs edilir. Hamı necə pul qazandığından, hər hansı insanı sistemə necə daxil etdiyindən danışır. Hətta bunun üçün tətbiq etdikləri manipulyasiya metodlarını izah edirlər. Bu barədə onlarca, yüzlərcə video izləmək olar. Bu videolardan birində belə deyilirdi: “Bir şəxslə görüşməyə gedəndə oraya məhsulu da aparın. Məhsulu görüşə aparmağın çox faydasını gördüm”. Bilmirəm, diqqətinizi çəkdimi? “Məhlusu da” görüşə aparmaq tövsiyə edilir. Sual ortaya çıxır ki, məhsulu aparmadan məhsulu necə satmaq olar ki? Deməli məhsulun o qədər də əhəmiyyəti yoxdur. Bu səbəblə məhsulun aparılması xüsusi olaraq vurğulanır.
Sistemə üzv olanların neçə faizi bu məhsul dəstini istifadə etmək məqsədilə alır? Bu sualın cavabı firmada məhsul satışının əsas məqsəd olub-olmadığını müəyyən edir. Bu sahədə işləyənlərin ifadə etdiyinə görə məhsul dəstini əsasən satış məqsədilə alırlar. Bu halda hamı satıcıdır. Bəs alıcı kimlərdir? Belə olduqda isə sistemin məhsul mərkəzli işlədiyini demək çətinləşir, bunun əksinə sistemin yeni üzvlər qazanmaq üzərində qurulduğu anlaşılır. Bu zaman sistemin adına “network marketing”, “multi level marketing”, “ponzi sistemi” ya da “şəbəkə marketinq sistemi” desək də burada nəticənin və əsas məntiqin dəyişmədiyini görürürk.
Onsuz da şəbəkə marketinq sistemində əsas tənqid olunan məsələ dəyişən formlar, şəkillər deyil, dəyişməz olaraq qalan əsas məntiqidir. Əks halda təfərrüat məsələlərdə hər zaman düzəlişlər edilə bilər. Bir çox insan işlədiyi firma ilə bağlı belə bir müdafiə arqumentləri ortaya qoyurlar: “Digər şəbəkə marketinq sistemlərindəki problemli və təhlükəli hallar bizdə yoxdur”. Halbuki hər birində əsas məntiq dəyişməz olaraq qalır.
Bir şəxs şəbəkə marketinq sisteminə yalnız satıcı olmaq üçün girdiyini deyə bilər. Ancaq ondan sonrakı da, ondan sonrakı da sistemə satıcı olaraq daxil olurlar. Yəni sistemə məhsul almaq üçün daxil olan hardasa heç kim yoxdur. Hamı satıcıdır. Belə bir məhsul satışı və ya marketinq ola bilməz. Çünki ortada istehlakçı, məhsulun real alıcısı yoxdur. Hamı özündən sonrakına nisbətlə satıcı mövqeyindədir.
Əksər şəbəkə marketinq sistemlərinə daxil olarkən insanlar müəyyən qədər məbləğ ödəyirlər. Sonra da başqalarını sistemə cəlb edərək həmin pulu çıxarmağa və daha çoxunu qazanmağa çalışırlar. Burada bir dəyər ortaya çıxarma, insanların ehtiyac duyduğu bir məhsulu onlara təqdim etmə əsas qayə deyil.

Sözün qısası, hamı məhsuldan deyil, bir sonrakı üzv ya da üzvlərin sistemə daxil olmasından pul qazanır. Ona görə də bu məntiqlə işləyən hər hansı bir sistem digərindən o qədər də fərqlənmir. Burada fərq yalnız təfərrüatlardadır. Bir firma məsələnin qanunlara uyğunluq tərəfini həll etməyə çalışır, digər firma insanların tərəddüd etdiyi bəzi problemləri ortadan qaldıraraq daha “məşru” bir sistem ortaya qoyur. Cuzi və təfərrüat məsələlərində dəyişikliklər edilsə də sistemin əsas işləmə mexanizmi özünü qoruyub saxlayır.
Hardasa hər bir şəbəkə marketin sistemi ilə işləyən firma özünün fərqli olduğunu, “piramida sistemi” olmadığını iddia edir. Bu kimi yüzlərcə şirkətin çalışma mexanizmini, fikir və görüşlərini, özlərini ifadə etmələrini internettən oxuya və videolarına baxmaq olar.
Bu cür məhsulların eyni tərkib və təsirə malik olan əvəzedicilərini daha ucuz qiymətə və həkim məsləhəti ilə almaq olar. Çünki bu kimi mallar göz qərarı ilə alınacaq məhsullar deyil, insanın ehtiyac duyduğu miqdarda alınaraq istifadə edilən məhsullardır.
Şəbəkə marketinq sisteminin bir sıra işsiz insanları işlə təmin etdiyini, insanlara yeni bir peşə və qazanc qapısı verdiyi qeyd edilir. Əvvəla qeyd edək ki, hər hansı şəbəkə marketinq sisteminin distribyutorluğunu etmək bir peşə hesab edilmir. İnsanlar əsl peşə və sənətlərini buraxaraq bu işlə məşğul olurlar. Bu kimi insanların “öz peşələrini onsuz da icra edə bilmirlər” deyə bilərik. Ancaq hansısa şəbəkə marketinq sisteminin distribyutorluğuna qoşulan bir şəxs həm öz peşəsini, həm də edə biləcəyi digər faydalı iş və peşələr tapmasına mane olur.
Həmçinin burada yataraq pul qazanma, ya da üzvlər yığaraq “maaşa çıxma” imkanlarından bəhs edilir. Bu da insanlara verəcəyimiz gözəl bir hədəf deyil. İşsiz bir adamın işə başlaması, başqalarına möhtac olmadan öz pulunu qazana bilməsi əlbəttə müsbət bir haldır. Ancaq qazanılacaq bu pullar halal yoldan, şübhə oyandırmayan iş sahələrindən olmalıdır. Önəmli olan necə olur-olsun pul qazanmaq deyil, halal yoldan pul qazanmaqdır.
Məsələnin belə bir tərəfi də var ki, deyək ki, aylarca işsiz qalmış, yardıma ehtiyac duyan bir insanı şəbəkə marketinq sisteminə daxil etsəniz, o da hardansa pul taparaq ilk məhsul dəsti alaraq işə başlasa, biz onu həqiqətən bir işlə təmin etmiş oluruqmu?
Şəbəkə marketinq yolu ilə insanlara təqdim edilən məhsulların bazardakı digər məhsullardan bahalı olduğu deyilir. Bunun da həm problemsiz, həm də problem təşkil edən tərəfləri var. Problem olmayan tərəfi budur ki, əgər ortada aldatma yoxdursa, yəni əgər müştəri bazar qiymətlərini bilir, alacağı məhsulu bazar qiymətləri ilə müqayisə etmə bacarığı da varsa və buna baxmayaraq məhsulu alırsa, burada hər hansı şəxsin deyəcəyi bir söz yoxdur.
İslam fiqhində bir alqı-satqının fasid və keçərsiz sayıldığı hallar var. Misal üçün, “qabnı-fahiş”, yəni bir malı dəyərindən daha yüksək bir qiymətə satmaq, burada aldatmanın olduğuna dəlalət edir. Ümumiyyətlə bir alqı-satqıda “qabnı-fahiş” varsa, elə bu aldatma deməkdir.
Normal şərtlərdə hər hansı bir şəxs öz razılığı və seçimi ilə bazar qiymətindən daha yüksək məbləğdəki bir məhsulu almaq istəməz. Buna baxmayaraq, qarşı tərəfin hər şeydən xəbəri olar və öz rızası ilə də məhsulu alarsa, burada İslami cəhətdən də hər hansı problem ortaya çıxmaz. Ancaq məsələnin diqqətdən qaçan və problemli tərəfi elə bundan sonra başlayır. Siz dil tökərək, bəlkə də bilərək, ya da bilməyərək məhsulu həddindən çox şişirdərək tanıdığınız şəxslərə, həm də bazardakı oxşar məhsulların qiymətindən daha bahalıya satmağa çalışırsınız.
Satılan məhsullar nəticə olaraq balıq yağı, uzaq şərqdəki hansısa meyvənin özü və şirəsi kimi şeylərdir, yəni tapılmayan şeylər deyil. Hər yerdə bunların əvəzedicilərini tapmaq olar. Əlbəttə həmin məhsulların daha fərqli cəhətləri ola bilər. Ancaq bu fərqli yönlər möcüzəvi təsir meydana gətirəcək fərqliliklər deyil. Əgər qarşımızdakı şəxsin balıq yağı istifadə edərək daha sağlam olmasını istəyiriksə, etibarlı bir firmanın balıq yağı, həm də daha uzuc məbləğə alaraq bu işi görmək olar.
Gəlin bir anlıq düşünək ki, hər kəs iş-gücünü buraxaraq şəbəkə marketin sistemində distribyutorluqla məşğul olur, ya da vaxtının mühüm bir hissəsini buna ayırır. İnsanlar peşələrini və ya edə biləcəkləri, cəmiyyətə daha faydalı işləri buraxaraq bu işi görürlər. Bu hal insanların faydalı bir iş sahəsi axtarmasını ləngidir, ya da ümumiyyətlə mane olur. İnsanlar ümumiyyətlə çox uzun ömürlü olmayan bu işdən ümidini üzəndə, ya da əl çəkəndə həyata bir neçə il geridən başlamalı olurlar.
İnsanları bu sistemə daxil edərək məhsul satdığımıza görə, adına nə desək də onların üzərindən pul qazanmış oluruq. Ancaq hamı marketinq və satış məsələsində yaxşı ola bilməz. Sistemə daxil etdiyimiz şəxsin insanları yaxşı qane etmə və satış bacarığı varsa, biz onu daxil etdiyimiz kimi o da sistemə başqalarını daxil edə biləcək və ödədiyi pulun bəlkə də daha artığını qazanacaq.
Bəs belə deyilsə! Yəni şəbəkəyə daxil etdiyimiz şəxs yeni üzvlər gətirə bilməyəcəksə, necə olacaq? Misal üçün şəbəkəyə yeni üzvlər axtaran bir şəxs aşağıdakı şəkildə əxlaqi normlara riayət edirmi: “Bu dostumun bu işə meyli və satış qabiliyyəti var. Onu cəlb edərək firmaya üzv etsəm, o da başqalarını taparaq buradan çörək qazana bilər. Ancaq filan dostum bu işi edə bilməz. Satış bacarığı zəifdir. O, həm də bu işsiz və sıxıntılı vaxtında heç verdiyi pulu belə çıxara bilməyəcək. Elə isə bu dostumu (və ya hər hansı insanı) üzv etməyim”. Görəsən bu ayırımı edən, məsələyə bu həssaslıqla yanaşan varmı?
Aparılan statistikalar onu göstərir ki, bu işdən pul qazanan insanların sayı çox aşağıdır. Hətta insanları ümidləndirmək üçün deyilən minlərcə, hətta milyonlarla dollar pul qazanmaq çox nadir hallarda bəzi şəxslərə, xüsusilə də sistemə ilk qoşulan müəyyən bir təbəqəyə nəsib olan bir “məzhəriyyət”dir.
İnsanları sahib olduğu işlərindən, ya da işi olmayanların iş axtarma cəhdlərindən uzaqlaşdıraraq, əvəzində onlara ümid sataraq belə şeylərə yönləndirmək və nəticədə onların sadəcə olaraq vaxt itkisinə məruz qalması, aldadılma hissinə qapılmaları, buna bağlı olaraq bu işə yönləndirənlərin etibardan düşməsi sosial münasibətlərin pozulması mənasına gəlir. Bu da daha ülvi məqsədlər üçün bir araya gələn insanlar arasında aldanma, aldadılma kimi hiss və duyğuların ortaya çıxması deməkdir.
Şəbəkə marketinqi pəncərəsindən baxsaq, sistemə daxil olmamış insanlar var olduqca deməli hələ burada qazanc qapısı var. Dünyada əhali sonsuz sayda deyil, sistemə halqanın ən sonunda qoşulanlar, sistemə daxil etməyə adam tapmayacaq və bu sistem üzərindən qazana bilməyəcəklər. Dünya əhalisnin bir neçə milyar olduğunu nəzərə alanda bu ehtimalın çox uzaq olduğunu düşünə bilərik. Ancaq daha dar çərçivədəki sosial qruplar içərisində zəncirin son halqasındakı insanların həm də bizə çox yaxın insanlar olduğunu unutmamalıyıq.
Fikirləşək ki, uzun illər boyu davam edən dostluq münasibətlərimizi, ya da şəxsi əlaqələrimizi şəbəkə marketinq sistemi ilə işləyən bir firmanın məhsullarını satmaq və yeni üzvlər qazanmaq üçün istifadə edirik. Bu zaman şəxsi əlaqələrin zədələnmə ehtimalı böyükdür.
“İnsanlar iş tapmaqda çətinlik çəkirlər, ehtiyacları var, bu səbəblə şəbəkə marketinq sisteminə qoşulurlar” tərzindəki arqumentlər o qədər də məqbul hesab edilə bilməz. İnsanlar ehtiyac içərisindədirlərsə, ciblərində pul yoxdursa, böyük məbləğdəki ilk məhsul dəstini necə alacaqlar? Bir insanı belə bir imkansız vəziyyətdə ikən sistemə daxil etmək, sonra onun da üzərindən pul qazanmağa çalışmağı necə anlamaq olar? Belə bir halı ona yardım və dəstək kimi başa düşmək olarmı?
Bəzən şəbəkə marketinq sistemində çalışan bir distribyutorun məhsulu satmağa çalışarkən uca bir məfkurəni müdafiə edirmişcəsinə davranması insanı düşündürür. Nəticə olaraq burada dünyəvi bir şeyin satışından söhbət gedir. Bu işi “məşru” görən və görməyənlər ola bilər. Həmçinin bu işi etmək istəyən və istəməyənlərin olması da təbii haldır. Kimsə kimsənin önünə keçərək bu işi etməsinə mane olmur.
Burada məsələnin ən təhlükəli yanının əxlaqi və etik tərəflərinin olduğunu görürük. Misal üçün cəmiyyət içərisində savadı, şəxsiyyəti və kimliyi ilə insanların hörmət, ehtiram və etimadını qazanmış, illərcə universitetlərdə, bu və ya digər təhsil ucaqlarında müəllim işləmiş bir insanın bu nüfuz və hörmətini, şəxsi əlaqələrini bir məhsulun satışı üçün istifadə etməyə başlayanda, həmin şəxs əslində o hörmət, ehtiram və etimadını, bunun da arxasında duran mənəvi dəyərləri firmanın məhsulu uğruna zədələmiş olur.
Həmişə ülvi və dəyərli sözlər eşitdikləri bir ağızdan, bu dəfə reklam xarakterli və məhsul satışı ilə bağlı sözlər eşitmək cəmiyyətdə, insanlar arasındakı münasibətlərdə qırılmalara, mənfi rəyin formalaşmasına gətirib çıxara bilər. Onsuzda şəxsi əlaqələri, cəmiyyətdə, insanlar arasındakı münasibətləri güclü olmayan şəxslər şəbəkə marketinqində uğur qazanması çox çətin olar. Digər tərəfdən şəxsi əlaqələri, karyerası, nüfuzu, insanlarla münasibətləri güclü olan şəxslər bu uğur və əlaqələrindən istifadə edərək məhsul satanda əvvəla özünün bu üstün məziyyətlərini satmış, öz üstün cəhətlərini bu yolda xərcləmiş olur.
Nəticə olaraq deyək ki, şəbəkə marketinq sistemi ticarət görünüşü verilərək insanların bir-birilərini istismar etməsindən başqa bir şey deyil. Düzdür, şəbəkə marketinq sisteminin ticarətə bənzəyən cəhətləri var. Ancaq onu fərqli edən cəhət, sistemə daxil olanların bir məhsul almaq və ya satmaq üçün deyil, bu görünüş altında sistemə daxil edəcəkləri yeni şəxslərdən əldə ediləcək bonus və komissiyalardır. Bir hökm verəndə bənzərliklərə deyil, fərqliliklərə baxırlar. Bu səbəblə iki şeyi bir-birindən ayıran aradakı fərqliliklərdir. Misal üçün, qadın və kişi anatomik, fizioloji və digər bir çox cəhətlərdən 80-90 faiz bir-birinə oxşayır. Ancaq məhz aradakı fərqlərdir ki, birini qadın, digərini kişi edir. Ənənəvi ticarətlə şəbəkə marketinq sisteminin bir-birinə bənzər tərəfləri olsa da, yuxarıda sadalanan cəhətlər birini digərindən ayırır. Hər biri üçün ayrı-ayrı hökmlərin verilməsinə səbəb olur.

Nazim Mustafayev
Qeyd: Yazının hazırlanmasında Yusuf Demirtaşın “Network marketing sisteminin fıkhî ve ahlâkî boyutu nedir?” başlıqlı yazısından istifadə edilmişdir.

Загрузка...
Xəbərin olsun:  “Azəriqaz” sayğaclarla bağlı açıqlama yaydı