Prezident müharibə elan edib: satqınlar, xainlər isə… – TƏHLİL

Manşet Siyasət
Loading...

Cənab Prezidentin bu gün modul tipli xəstəxana kompleksinin açılışındakı çıxışını diqqətlə dinlədim. Prezident pandemiyanı haqlı olaraq müharibə adlandırır.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevin bu gün yeni modul tipli xəstəxana kompleksinin açılışındakı çıxışına münasibət bildirərkən deyib.

A.Camalqızı bildirib ki, hər müharibənin qəhrəmanları, fədakarları olduğu kimi, xainləri, satqınları da var:

“Təsəvvür edin, dövlət qurumunda işləyərək ayda 500 manat maaş alan orta sinif insanlarımız belə karantin günlərində imkansız, kasıb ailələrə kömək edir, əl tutur, evində kisələrlə valyuta saxlayan icra başçıları isə yetimə, fəqirə dövlətin ayrıdığı yardımı, ianəni oğurlayır. Onların müharibə zamanı dövləti, milləti, xalqı satan satqınlardan, xainlərdən heç bir fərqi yoxdur. Digər tərəfdən də bu, allahsızlıq, vicdansızlıqdır”.

Politoloq bu cinayəti törədənlərin yalnız həbs olunanlarla yekunlaşmadığını bildirib:

“Araşdırsaq, görəcəyik ki, əksəriyyəti az və ya çox dərəcədə eyni təfəkkürün daşıyıcılarıdır. Oturduqları kresloda özlərini “xan” kimi hiss edib tutduqları vəzifəni biznes, “qazanc mənbəyi” sayırlar. Büdcədən təmizlik, iməcilik, abadlıq işləri üçün ayrılan vəsaiti mənimsəyib müəllimə, həkimə küçə süpürtdürən zehniyyətin daşıyıcılarıdır onlar. Kasıbın, işsizin ianəsinə göz dikənlərdir”.

Politoloq qeyd edib ki, müharibə veteranları, əlillər, şəhid ailələri üçün Prezidentin hətta pandemiya dövründə, ölkənin ən çətin iqtisadi sınaqlarla üz-üzə qaldığı bir vaxtda böyük humanistlik hissi, vətəndaş sevgisi ilə tikintisini davam etdirdiyi evi, mənzili haqqı çatan şəxslərə rüşvətlə verməyin adı yoxdur:

“Prezidentin bağışladığı mənzil üçün müharibə əlilinin protez əllərindən necə rüşvət almaq olar? Hansı rayonda, hansı bölgədə sualını verməyin. Əksəriyyətində belədir. MTN vaxtinda iş adamlarını, biznesmenləri soyub talamaq yerinə adına, mahiyyətinə uyğun olaraq milli təhlükəsizliyimizin, dövlətçiliyimizin qorunması ilə məşğul olsaydı, belə olmazdı.

Bəzən bir nəfər hər şeyi yaxşılığa, halallığa, ədalətə doğru dəyişə bilir. DTX-dakı son kadr dəyişiklikləri də öz bəhrəsini verir. Ona görə biz Prezidentin kadr dəyişikliklərini məhz “ağ inqilab” adlandırırıq. Ləyaqətli və vətənpərvər insanları irəli çəkmək gərəkdir. Nəticə özünü göstərir. Prezident bu ölkədə hər kəsi şəxsən tanıya, onun müsbət-mənfi keyfiyyətlərinə bələd ola bilməz axı. Bu, faktiki mümkün də deyil. Hər bir dövlət başçısı öz komandasına güvənərək, etimad göstərərək məsuliyyəti üzərinə götürür. Dövlətçilik ənənələri, siyasi mədəniyyət bu güvən, etimad üzərində bərqərar olur”.

Politoloq vurğulayıb ki, həbs olunan icra başçıları ilə bağlı sosial şəbəkələrdə “onları o vəzifəyə Prezident təyin edib” tipli məsuliyyətsiz çıxışlar eşidirik:

“Bəli, Prezident təyin edir. Amma cəmi 10, 15, 20 nəfərlik kollektivə rəhbərlik edənlərə sual edirəm: kollektivin hər bir üzvünü dəqiqliklə seçə bilirsinizmi? Onların içində xəyanətkar olmurmu? Əgər siz 10-15 nəfərlik kollektivi formalaşdırarkən hamının “ürəyinə girə bilmədiyinizi” deyirsinizsə, onminlərlə kadr təyinatında Prezidenti hansı əsasla ittiham edə bilərsiniz?

Digər tərəfdən, nəzarət funksiyasını daşımalı olan qurumlar da var axı. Onlar bu baş verənləri görmürdülərmi? Onlar qanunsuzluqları vaxtında aşkar edib dövlət başçısını xəbərdar etməli deyillərmi? İcra başçıları cəzasızlıq mühitinə elə aludə olmuşdular ki, hətta media qurumlarının rəhbərlərindən belə ev tikmək üçün külli miqdarda rüşvət tələb etməkdən çəkinmirdilər. Rayonlarda isə kəndlinin əlindən yeganə dolanışıq mənbəyini – torpağını alırlar, pandemiya günlərində işsiz və aztəminatlı ailələr üçün dövlətin ayırdığı yardımı mənimsəyirlər. İndiyədək bu əməlləri törədiblər, ancaq ört-basdır etməyi bacarıblar. Artıq yanaşma dəyişib. Bu yanaşma cəmiyyət tərəfindən təqdirlə qarşılanır və cəmiyyət dəstəyini hər gün Prezidentin ünvanına onminlərlə məktub yazmaqla ifadə edir. Çünki korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına və qanunsuz əməllərə qarşı sərt mövqeyi məhz Prezident İlham Əliyev sərgiləyir. Cənab Prezident demək olar, ictimaiyyət qarşısındakı bütün çıxışlarında məmurların məhz xalqın xidmətində olmaq üçün yüksək vəzifələrə təyin edildiklərini dilə gətirir, bu görəvi unudanların qanun qarşısında cavab verəcəyini qeyd edir, hüquq-mühafizə orqanları ilə yanaşı, sadə insanları, medianı, qeyri-hökumət təşkilatlarını ictimai nəzarət prosesində iştirakçılığa, fəallığa çağırır”.

A.Camalqızı qeyd edib ki, bir xalq olaraq Prezidentin başlatdığı bu böyük katarsis prosesində iştirak etməliyik:

“Burda “katarsis” sözünü təsadüfən işlətmədim. Bəli, təmizlik Yuxarıdadır və ordan cəmiyyətin aşağılarına doğru gedir. Yuxarıdan başlayan katarsisin Allahın lütfü olduğunu da unutmayaq. Çünki aşağıdan başlayan “təmizlənmə” həddən artıq ağrılı və dəhşətli iqtisadi-siyasi fəsadlarla müşayiət olunur. Bizdə bu təmizlənmə prosesinə birbaşa Prezidentin nəzarət etməsi Azərbaycan üçün tarixi bir fürsət, lütfdür. Prezident rüşvətxorlara, korrupsionerlərə müharibə elan edib və bu şəxsləri xain, satqın, vicdansız, allahsız sayır. Dövlətin dayaqlarını daha da gücləndirmək üçün, ölkəmizin rifahı, gələcəyi uğrunda, həm də mənəviyyatımız, daxili saflığımız naminə Prezidentin başlatdığı bu savaşda bir xalq olaraq iştirak etməliyik, həm də özümüzü, təfəkkürümüzü, dünyagörüşümüzü dəyişməklə, “bal tutan barmaq yalayar” kimi “milli” zehniyyətdən xilas olmaqla…”

Загрузка...
Xəbərin olsun:  Əmək qanunvericiliyinin pozulması ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib