Nərgiz Cəlilova: “Tamaşaçılar insanların yazıq vəziyyətini görmək istəyirlər”

şou-biznes
Loading...

“Ehtiyac olmadan küçəyə çıxmadım. Yalnız işlə bağlı televiziyaya gedib-gəlirdim. Qalan günlər evdə otururdum. Karantin rejimi elan olunan ilk günlərdə pərişan idim, özümü heç yaxşı hiss etmirdim. Deyirlər ki, insan zülmə tabedir. Sonra buna alışmağa başladım. İndi qadağalar yumşaldılıb, ovqatımız yerinə gəlir”.

Oxu.Az xəbər verir ki, bunu məşhur teleaparıcı Nərgiz Cəlilova “Planet Parni iz Baku” komandasının tanınmış üzvləri Tahir və Cabir İmanov qardaşlarının “Instagram”da açdıqları canlı yayımda qonaq olarkən deyib.

N.Cəlilova insanların getdikcə aqressivləşməsindən söz açıb:

“Anlamıram, insanlarda bu qədər aqressivlik haradan qaynaqlanır? Bunu çözmək istəyirəm. Hətta karantin günlərində insanlar daha çox birlikdə, biri-birinə hayan olmaqdansa, daha da uzaqlaşıb, aqressivləşdilər. Bəs bizi nə birləşdirə bilər? Əgər koronavirus pandemiyası da birləşdirə bilmədisə… Aqressivlik həddən artıq çoxdur”.

İllərə meydan oxuyan teleaparıcı Azərbaycan tamaşaçısının tez-tez dilə gətirdiyi “Biz yerli telekanallara baxmırıq” fikirlərini birmənalı qarşılamayaraq, belə şərh edib:

“Zənnimcə, televiziya hər zaman müasirdir, müasir də qalmalıdır. Dövrün və zamanın tələblərinə uyğun hərəkət etməlidir. Televiziya cəmiyyətdən bir addım öndə olmalıdır. Hadisənin baş verəcəyini hiss etməlidir.

Saytlarda dərc olunan xəbərləri belə qabaqlamalıdır. Lakin çox təəssüf ki, saytlar televiziyanı qabaqlayır. Çox vaxt deyirlər ki, bizim televiziyalarımız maraqsızdır, ona görə də Azərbaycan telekanallarına baxmırıq. Bu, televiziya işçiləri üçün ən böyük təhqirdir. Amma baxanlar da var.

Televiziyanın ən vacib elementlərindən biri verilişlərdə qonaq olan şəxslərin müxtəlif fikirlər səsləndirməsidir. Eyni fikirlər başqa-başqa cümlələrlə səslənəndə tamaşaçı bezir. Çünki tamaşaçı müxtəlif fikirlər eşitmək istəyir. Fərqli təklif dinləmək istəyir. Ona görə də proqramlar maraqsız gəlir”.

Tahir İmanovun səsləndirdiyi “Əməkdar artist Zöhrə Abdullayeva müəyyən hadisələrə görə bir müddət efirə çıxmadı. Amma sonra efirə dəvət aldı və mahnılarını ifa etdi. Çıxışından sonra saytların əksəriyyəti onu topa tutmağa başladı. Zöhrə xanıma dəstək olmaqdansa, ona irad tutdular ki, niyə efirə çıxıb, mahnı oxuyub. Bu, yaxşı hal deyil” sözlərinə N.Cəlilova belə reaksiya verib:

“Tamaşaçılar efirdə başqa insanların yazıq vəziyyətini görmək istəyirlər. Bu istək haradan yaranır, deyə bilmərəm. Çox gözəl ki, Zöhrə xanım özündə güc tapıb efirə çıxır. Onun halını da anlamaq lazımdır. Çünki Zöhrə xanımın dərdi böyükdür. Evə qapanmamalıdır. Biz düşünməliyik ki, onun özünə də nəsə olsun? Əlbəttə ki, yox.

Onu sevən insanlar dəstək olmalıdırlar. Qoy efirdə olsun, mahnı oxusun. Bu, axı onun peşəsidir. Belə bir deyim var, ölənlə heç kim ölmür. Allahın ona verdiyi həyatı başa vurmalıdır. Həmin dərd onsuz da Zöhrə xanımın içindədir. Təkbətək qalanda, o, oğlu ilə söhbət edir.

Bir az onun halını anlamaq lazımdır. Düşünürəm ki, biz yazıq insanları görməyi sevirik. Bilmirəm bu vərdiş haradan yaranıb. Həm pis, həm də yaxşı gündə insanın yanında olmalıyıq. Amma biz yaxşı günündə də ola bilmirik”.

Yaşa dolmuş yaradıcı insan formadadırsa, təravətini itirməyibsə, ağlı başındadırsa, izləyicilər ona mütləq xoşagəlməz sözlər yazırlar, zahiri görünüşünü lağa qoyurlar. Amma yaşa dolmuş incəsənət nümayəndəsi bir problem yaşayırsa, insanların dərhal onu yazığı gəlir.

Başlayırlar ismarıcları ilə dəstək olmağa. Bu psixologiyanı başa düşə bilmirəm. Hərdən düşünürəm ki, mənim yaşımda adam özünü problemli göstərməlidir ki, ona müsbət rəylər yazsınlar. Çox qəribə məsələdir”.

Bəstəkar-müğənni Murad Arifin sosial media hesabında yazdığı “Toy sektorundan yalnız musiqiçilər qazanmır, ay dayazlar. Ay dərdə sevinən bədniyyət tayfa, nədir bu qədər ailə başçısının işsizliyinə sevinmək, nədir bu ibnəlik?!” statusuna məşhur teleaparıcı da özünəməxsus şəkildə münasibət bildirib:

“Toylarla bağlı xəbərlər çıxdı ki, guya sentyabr ayına kimi keçirilməsi yasaqlanıb. Dostumuz Murad Arif sosial şəbəkə hesabında yayılan bu xəbərlərlə bağlı iradını bildirdi. Toy qadağasına sevinən insanlar, nəyə görə sevinirsiz? Ən işlək bizneslərdən biri də toy biznesidir.

Toylardan bir ordu qədər insan evinə çörəkpulu aparır. Siz sevinirsiniz ki, sabah müğənnilər toysuz, pulsuz qalacaq. Toyları idarə edən təkcə müğənnilər, musiqiçilər deyil. Orada bir ordu insan çalışır. Bu sevincin mənbəyini anlaya bilmirəm. Biz bir-birimizin kədərinə sevinirik”.

Загрузка...