MİDA-nın sosial evlərinə nə əlimiz çatır, nə ünümüz yetir… – AKTUAL

Sosial
Loading...

Azərbaycanlıların subay gənclərə ən çox ünvanlamağı sevdiyi “niyə tərpənmirsən?” sualına əksər hallarda cavab “evim yoxdur” şəklində olur. İndi bir çox gənclər evləndikdən sonra ata evində və ya kirayədə qalmağa üstünlük verirlər. Gənc yaşında öz hesabına ev sahibi olmaq xülyaya bərabərdir. Amma rəsmi qurumlardan, onların rəhbərlərindən eşidilən açıqlamalar daha çox evsiz gənclərin evləndikdən sonra ipotekadan istifadə edə bilməsi ilə bağlıdır. İlkin yanaşma belədir ki, ipotekanın gənc ailələrə verilməsi subay gənci ailə qurmağa, sonra da bu kreditdən istifadə etməyə təhrik edəcək. Bəs reallıq necədir?

İndi isə keçək rəqəmlərə. 2019-cu ildə dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ayrılmış 80 milyon manatın 40 milyon manatının Nazirlər Kabinetinin 2019-cu il 1 aprel sərəncamına müvafiq olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin maliyyələşdirilməsi məqsədilə agent banklar arasında bölgüsü təmin edilib. Bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, 2017-ci ildə ayrılmış vəsaitlərdə nəzərə alınmaqla, MİDA tərəfindən nəzərdə tutulmuş vəsaitlərin həcmi 60 milyon manat təşkil edib. 2019-cu il 31 dekabr tarixində 877 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 39,7 milyon manat məbləğində güzəştli, 23 şəxsə isə 794 milyon manat dəyərində adi ipoteka kreditləri verilib.

Ümumilikdə, 2006-2019-cu illərdə fondun hesabına verilən ipoteka kreditlərindən faydalananların 70 faizi gənclər və gənc ailələr təşkil edib. Kreditlərin 20 faizi isə regionlarda verilib.

İpoteka kreditləri maksimal faiz dərəcəsi illik 8 faiz olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faizləri dərəcələri (6-7 faiz) ipoteka kreditləri başlanıb. Nəticə 2019-cu ilə də adi ipoteka kreditlərində orta illik faiz dərəcəsi 7,2 faiz dərəcəsi təşkil edib.

Gənc ailələrin güzəştli mənzil sahibi ola bilməsinə nə mane olur – reallıqlar və ciddi rəqəmlər
Amma bu məsələdə də ikili standartlar özünü göstərir. 15 il məmur işləyən vətəndaşa gənc ailə olmasa da, güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur. Bu, o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa, o sosial mənzilə və güzəştli ipotekaya müraciət hüququna malik olmur.

İqtisadçı Vüqar Bayramov dəfələrlə sosial şəbəkədə çoxlu sayda gənc ailələrin güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilməməsi barədə səbəbləri açıqlayıb: “Bu kontekstdən, sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müraciət hüququnun necə müəyyənləşdirilməsi son dövrlər müzakirə edilən məsələlərdəndir. Bu isə evsiz gənc ailələrinin bir qisminin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir. Məsələn, qaydalara əsasən ən azı 3 il dövlət qulluğunda və o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs sosial mənzilə müraciət edə bilər. Dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs yalnız 5 ildən sonra bu hüququ əldə edir. Bu o deməkdir ki, qüvvədə olan qaydalara görə, məmur 3, müəllim isə 5 ildən sonra güzəştli mənzil və ya ipoteka əldə etmək hüququ qazanır. Maraqlıdır: hansı meyarlar ilə məmurlar üçün 3 il, müəllimlər üçün daha uzun müddət müəyyənləşib? Məgər cəmiyyət üçün müəllim məmurdan az faydalıdır? CESD təklif edir ki, müəllimlər üçün güzəşt hüququ 1 ilə endirilsin və onlara daha qısa zamanda güzəştli mənzil əldə etmək hüququ verilsin.

İkincisi, 15 il məmur işləyən vətəndaşlarımıza gənc ailə olmasa da güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur. Bu o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa o sosial mənzilə və güzşətli ipotekaya müraciət hüququna malik olmur. Buna görə də, 15 ildən çox müəllim işləmiş vətəndaşlarımıza da gənc ailə olmasa da belə hüququn verilməsi sosial ədalət baxımdan çox vacibidr.

Üçüncüsü, daha yaxşı olardı ki, məcburi köçkünlər, şəhid ailələri və milli qəhrəman ailələrinin ev problemləri dövlət pulsuz mənzil təminatı çərçivəsində həll olunsun. Bu kateqoriya vətəndaşlarımızın sosial vəziyyətini nəzərə aldıqda onların pulsuz mənzil ilə təminatı davam etdirilməlidir. İndiyədək məcburi köçkünlərə 34 591 mənzil verilib və onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün 7.1 milyard manat vəsait ayrıldığını nəzərə alsaq dövlət vəsaiti hesabına pulsuz mənzillərin təqdim edilməsinin davamlılığına nail olmaq mümkündür.

Dördüncüsü, güzəştli kateqoriyanın genişləndirilməsinə və ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə belə hüququn verilməsinə ehtiyac var. Gələn il Mənzil İnşaat Dövlət Agentliyi Hövsanda 3 min mənzili satışa çıxarmaq niyyətindədir. Gəncə, Sumqayıt və digər bölgələrimizdə də sosial binalar inşa edilməkdədir və ya ediləcək. Belə olan halda müraciət hüququ verən siyahıya baxıb onun genişləndirilməsinə ehtiyac var. Xüsusən də regionlarda müraciət hüququ daha çox vətəndaşlarımıza şamil olunmalıdır.

Digər tərəfdən, bu gün qeydiyyatsız evlərdə yaşayanlar həyət evlərini inşa etmək üçün evin ölçüsündən asılı olaraq 40-80 min manat pul xərcləyirlər. Amma hələ də evləri qeydiyyata alınmayıb və mülkiyyət hüquqları tanınmır. Əgər 40-50 min manatlıq 3 otaqlı ekonom evlər təklif olunardısa onlar qeydiyyatsız evlər inşa edərdilərmi? Əksəriyyəti bu halda qeydiyyatlı və təmirli mənzillərə üstünlük verərdi. Bu baxımdan, sosial evlər məhz həmin ailələrin də mənzil probleminin aradan qaldırılmasına ünvanlanmalıdır”.

Qeyd edək ki, hazırda aşağıdakı kateqoriyadan olanlar güzəştli mənzil sahibi olmaq hüququna malikdirlər. Buraya yaşı 35-dən yuxarı olmayan gənc ailənin üzvü olan aşağıdakı şəxslər, şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər), yaşından və ailə vəziyyətindən asılı olmayan aşağıdakı digər şəxslər, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər daxildir. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla), ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər də sosial ev almaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, MİDA-nın təklif etdiyi 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 652 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 997 manatdan başlayır.

Amma bu ilin yanvar ayında məlum oldu ki, sosial evlərin qiyməti ilə bağlı durum heç də ürəkaçan olmayıb. Belə ki, həmin dönəmdə İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin siyahısını açıqlayıb. Fondun məlumatına görə, bu mənzillərin 208-i Bakı şəhərinin Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Saydan əlavə təəssüf doğuran digər məqam isə bu mənzillərin qiymətinin Bakının müxtəlif ərazilərindən, Xırdalan və Sumqayıt şəhəri olmasından asılı olmayaraq eynilik təşkil etməsidir. Fed.az-ın məlumatına görə, kirayə evlər layihəsi üçün satışa çıxarılan mənzillərin bir kvadratmetrinin qiyməti 1 850 manat ətrafında dəyişir. Yəni, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Bu isə o deməkdir ki, mənzilin bir kvadratmetrinin qiyməti 1 841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.

Elə həmin ərazidə sahəsi 86.4 kvadratmetr olan mənzilin qiyməti 159.1 min manatdır, yəni kvadratmetri 1 841 manat təşkil edir. Belə mənzili almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş 6 364 manat təşkil edir.

102.6 kvadratmetrlik mənzilin qiyməti isə 188.9 min manatdır. Bu mənzili 300 aylığa almaq üçün aylıq ödəniş 630 manat, ilkin (yəni 12 aylıq) ödəniş 7 557 manatdır. Sahəsi 111.3 kvadratmetr olan mənzilin qiyməti isə 204 954 manat təşkil edir. Aylıq ödənişi 683 manat, ilkin ödəniş 8 198 manatdır. Xırdalan şəhərindəki mənzillərin qiyməti də bu həddədir. Belə ki, Xırdalanda sahəsi 68.3 kvadratmetr olan 1 otaqlı mənzilin qiyməti 127.3 min manatdır. Bu mənzilin kvadratmetri 1 863 manat təşkil edir.

Bu mənzillərin ilkin ödənişlə, lakin faizsiz satışa çıxarılacağı deyilmişdi. Lakin qiymətlərə nəzər yetirdikdə biz bu evlərin adi ipoteka şərtləri ilə satılan mənzillərdən daha baha başa gəldiyini söyləyə bilərik.

Reallıq isə onu göstərdi ki, sosial evlər mənzilə ehtiyacı olmayanlara satıldığı üçün evsizlər bu sosial layihədən faydalana bilmədilər. Məsələn, Bakıda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçirildi. Müəyyən olunmuş kateqoriyaya aid şəxslər mənzil əldə etmək üçün qeydiyyatdan keçərək, bunu başa çatdıra bildilər.

Aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəştli mənzillərin satışından hələ bir il keçməmiş maraqlı statistika ortaya çıxdı. Belə ki, sosial şəbəkələrdə, daşınmaz əmlakın kirayəsi barədə elanların yerləşdirildiyi saytlarda kirayə təklif edilən MİDA mənzillərinə tez-tez rast gəlinir. Əşyasız, sadəcə, mətbəx mebeli ilə təmin edilmiş, heç vaxt yaşayış olmamış yeni mənzillərin kirayə qiymətləri aylıq 300 manatdan başlayır. Yasamal ərazisində, şəhərin mərkəz hissələrində yerləşdiyinə görə həmin sosial evləri kirayə götürmək istəyən müştərilər də kifayət qədər çoxdur.

Ekspertlər isə hesab etdilər ki, bir çoxlarının sosial evləri kommersiya evlərinə çevirərək kirayə verməsində Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. Çünki MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Amma son nəticədə sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirdi. Sosial ipoteka kreditlərini əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün bəzi hallarda bir neçə evi olanlar da sosial evlər alıb, əlavə qazanc əldə etməyə çalışırlar. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzil ilə təmin etmək olduğundan, bu evlərin kommersiya məqsədi ilə istifadəsinə imkan verilməməli idi. Bunun üçünsə ilk növbədə evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılması idi. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalı, müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır.
 //musavat.com//

Xəbərin olsun:  Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Загрузка...