Külli miqdarda pulunu itirən BMT-nin milli eksperti prezidentə müraciət etdi – AÇIQ MƏKTUB

Hadisə İctimai kriminal SON XƏBƏRLƏR
Loading...

Məktubda olması mümkün orfoqrafik və məntiqi səhvlərə görə Orman.Az məsuliyyət daşımır.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına

Açıq məktub

Hörmətli cənab Prezident,
Mən, Məmmədov Faiq Tahir oğlu 1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. İxtisasca iqtisadçıyam. Əmək fəaliyyətim dövründə Azərbaycan Respublikasının Mərkəzi Bankında, Azərbaycan İpoteka Fondunda, Dünya Bankının layihəsində, dövlət və özəl şirkətlərdə çalışmışam. 2007 və 2009-cu illərdə dövlət xətti ilə Fransada və Almaniyada idarəetmə üzrə təcrübə keçmişəm. 2009-2010-cu illərdə Almaniya-Azərbaycan əməkdaşlığı çərçivəsində alternativ enerji layihəsi üzrə Almaniyanın Berlin şəhərində çalışmışam. Həmçinin, 2009-cu ildən Arvopa İttifaqının və BMT-nin alternativ enerji ilə bağlı bir sıra yerli və beynəlxalq layihələrində məsləhətçi, milli ekspert vəzifələrində çalışmışam. 2013-2017-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” ASC-də çalışmış, Layihələrin idarə olunması şöbəsinin rəhbəri olmuşam. 2017-ci ildən UNEC Biznes məktəbində saathesabı müəllim vəzifəsində çalışmışam. 2014-cü ildən BMT-nin Sənayenin İnkişafı Proqramında Resurs səmərəliliyi üzrə milli ekspert statusu almışam. Əmək fəaliyyətim dövründə ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləmişəm. Xarici dövlətlərdə keçirilən beynəlxalq konfrans və tədbirlərdə Azərbaycanımızın adını şərəflə və ləyaqətlə təmsil etmişəm.

Hörmətli cənab Prezident,
Bu mənim Sizə növbəti müraciətimdir. İlk müraciətimi 03 aprel 2018-ci il tarixində sifarişli xəbərnamə ilə rəsmi şəkildə Sizə bildirmişəm (SS486986875AZ). Ondan sonra dəfələrlə məktublarla və elektron poçtla da Sizə müraciətlərim olub. Növbəti müraciətimin səbəbi illər ərzində mənim və yaxınlarımın, dostlarımın, tanışlarımın min bir zəhmətlə topladığımız külli miqdarda pul vəsaitinin etibarımızdan sui-istifadə nəticəsində əlimizdən alınması və istintaq orqanının bu işə laqeyd yanaşmasıdır. Belə ki, ümumi tanışlarımızın vasitəsilə ilə 2016-cı ildə tanış olduğum və özünü sahibkar kimi təqdim edən Bayramov Fuad Sabir oğlu (əlaqə telefonu: 050-6738449) bizneslə məşğul olduğunu bildirərək bizi həmin biznesə investisiya qoymağa dəvət etmişdir. O özünü yüksək vəzifəli dövlət məmurunun adamı kimi təqdim etmiş, həmin vəzifəli şəxsə məxsus olan tikinti şirkətinin (“MƏK-AN” MTK) təchizatçısı olduğunu, Fəqan və Ramin (həmin şirkətin təchizat müdiri Rüstəmov Ramin Pənah oğlu) adlı şəxslərlə birlikdə təchizat işi ilə məşğul olduğunu bildirmiş, bununla da bizim etibarımızı əldə etmişdir. Ramin Rüstəmov özü də Fuadla işlədiyini bildirmişdir. Bu mənada Fuad Bayramov qeyd olunan vəzifəli şəxsə bağlı olan obyektlərin adlarını çəkir və bəzilərimizi həmin yerlərə apararaq icra olunan işlərlə tanış edirdi. Nəticədə 2016-cı ilin aprel ayından 2017-ci ilin sonuna qədər biz ona müxtəlif layihələr üzrə vəsaitlərimizi etibar etməyə başladıq. Aramızda olan müəyyən şəxslər vəsaitləri toplayaraq Fuad Bayramova təqdim edirdi. Sonuncu isə layihə bitdikdən sonra gəlirlə birlikdə vəsaiti geri qaytarırdı. 2017-ci ilin sonu Fuad Bayramov daha iri həcmli, qısa müddətli və gəlirli layihələr (bina tikintisi və təchizat işləri) təklif etdiyindən və daha çox vəsait lazım olduğunu bildirdiyindən, eyni zamanda uzun müddət formalaşmış etibara əsasən əlimizdə olan bütün vəsaiti ona etibar etdik. Lakin 2018-ci il fevral ayının ortalarında ödəmə vaxtı çatdıqda Fuad Bayramov əvvəlcə pulun “MƏK-AN” MTK-da qalması bəhanəsi ilə ödənişi ləngitdi. Daha sonra isə ümumilikdə 5.327.229 (beş milyon üç yüz iyirmi yeddi min iki yüz iyirmi doqquz) ABŞ dolları maya məbləğində pulu ödəyə bilməyəcəyini bildirdi. Həmin məbləğin hamısının bir dəfəyə “yoxa çıxması”nın ağlabatan olmaması və ümumiyyətlə o qədər pulun hansı şəraitdə və səbəblərdən “yoxa çıxması” ondan soruşulsa da, o bu suallara cavab olaraq gah şirkətdən pul gözlədiyini bildirir, sonda isə pulu “batırdığını” qeyd edərək konkret cavab vermirdi. Beləliklə, 100-ə yaxın ailənin dələduzluq yolu ilə ümumilikdə 5.327.229 (beş milyon üç yüz iyirmi yeddi min iki yüz iyirmi doqquz) ABŞ dolları pulu ələ keçirilmiş və insanlar çox pis bir vəziyyətə salınmışlar. Nəticədə, zərərçəmişlər məsələnin həll olunmamasını görərək Daxili İşlər Nazirliyinə şikayət etmiş və şikayət əsasında Bayramov Fuad Sabir oğlu 2018-ci il mart ayının 31-də AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 178.4 (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılmış, istintaqa cəlb edilmiş, Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir.
Lakin 1 ilə yaxındır ki, davam edən istintaq müddətində zərərçəkmişlərə vurulmuş zərərin heç bir hissəsi geri qaytarılmamışdır. İstintaq ümumiyyətlə zərərçəkmişlərin dairəsini, zərərin məbləğini, qanunsuz yolla əldə edilmiş vəsaitin hara xərclənməsini müəyyən etməmiş, ən azı bu barədə zərərçəkmişlərə bugünədək heç bir məlumat verməmiş, onları zərərçəkmiş kimi tanımamışdır. Bu azmış kimi ilk dəfə 2018-ci ilin iyul ayında, daha sonra oktyabr ayında, sonuncu dəfə isə bu ilin yanvar ayında BMCMİ-nin vəsatəti ilə Fuad Bayramov həbsdən ev dustaqlığına buraxılmışdır. Hazırda Fuad Bayramov azadlıqda rahat gəzir, bizim pulumuzun qaytarılması üçün heç bir iş görmür. İstintaq isə buna göz yumur. Fuad Bayramovu nadir hallarda da olsa tapa bilən zərərçəkmişlər ondan pul barəsində soruşduqda isə o, replika ataraq pulların onda olmadığını bildirir. Onun bu replikaları, AR Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə xüsusilə ağır cinayətdə ittiham olunmasına baxmayaraq əlini-qolunu sallayaraq azadlıqda gəzməsi, indiyədək zərərin cüzi də olsa geri qaytarılmaması, istintaqın olduqca passiv aparılması bu işin arxasında doğrudan da böyük məmurların dayandığını güman etməyə əsas verir.
İndiyədək bu məsələ ilə bağlı rəsmi olaraq Baş Prokurora, Bakı şəhəri Baş Polis İdarəsinə, Daxili İşlər Nazirinə, Ombudsmana və digər qurumlara həm kağız, həm elektron formada fərdi və kollektiv məktublar ünvanlamışam.

Möhtərəm Cənab Prezident,
Şərh olunan vəziyyət göstərir ki, bu məsələni Sizdən başqa heç kəs həll etmək iqtidarında deyildir. Söhbət 100-ə yaxın ailənin, yəni yüzlərlə şəxsin taleyindən, həyatından, dolanışığından gedir. Mənim hər şeyim əldən gedib, ailəm və özüm ölümlə təhdid olunmuşam. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinə və Binəqədi rayon Polis idarəsinə 19 may 2018-ci il tarixində müraciətim də olub. Bakı Şəhər Baş Polis İdarəsində qəbul olunmuşam. Aldadılmış insanlar stress içindədir, onların bütün var-yoxu əldən gedib, insanlar öz borc, kredit və digər öhdəlikləri yerinə yetirə bilməmək səbəbindən öz yeganə əmlaklarını satır. O cümlədən ailələr övladlarının təhsillə bağlı xərclərini ödəyə bilməməsi ciddi sosial problemlər yaradıb. 3 nəfər vəsaitin olmaması səbəbindən müalicə ala bilməyib və dünyasını dəyişib. Dünyadan köçmüş şəxslərin yerdən götürülməsi üçün onların sahibi olan zərərçəkmişlər vəsaitinin olmaması səbəbindən borclu olduqları halda yenidən borca girib. Aldadılmış insanların bəziləri intihar həddinə gəlib çatıb. Həmçinin aramızda 2 xərçəng xəstəsi, 1 ağır xəstə var ki, onların kritik vəziyyətlərini heç cür həll edə bilmirik.
Sizin gözəl şüarlarınızdan biri də “Mən hər kəsin Prezidentiyəm” deməyinizdir. Bu şüarın işığında son vaxtlar həyata keçirməyə başladığınız islahatlar vətəndaş-dövlət yaxınlaşması mesajını verməklə bizi bu problemin həllinə daha da ümidləndirir.
Hörmətli cənab Prezident,
Zərərçəkmişlərdən pulu mən alıb Fuad Bayramova verdiyimdən məsələnin mənəvi məsuliyyəti dərk edərək müraciəti öz adımdan yazıram. Amma zərərçəkmişlərin sayı yüzlərlədir.
Şərh olunanlara əsasən xahiş edirəm qeyd olunan faktların ciddi şəkildə araşdırılması, zərərçəkmişlərə vurulmuş zərərin tam məbləğdə geri qaytarılması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ciddi tapşırıq verəsiniz.

Allah yardımçınız olsun.

Hörmətlə,
Məmmədov Faiq Tahir oğlu
Bakı şəhəri, 14 fevral 2019-cu il

Əlavə olaraq bildirim ki, zərərçəkmişlərin sayı qeyd olunan məbləğlə yekunlaşmır. Ancaq mənim digər dostlarıma və yaxınlarıma vurulmuş zərər, qeyd olunan məbləğ daxil olmaqla 9 mln ABŞ dolları dəyərindədir

Загрузка...