İrəvandan Kremlə qarşı demarş – cavab nə olacaq?

Dünya
Loading...

Bu gün Ermənistanda 8 may “məxməri inqilab”ın ikinci ildönümüdür. Əminliklə demək olar ki, ötən iki ilin işğalçı ölkədən ötrü ən acı nəticəsi inqilabi yolla reallaşmış hakimiyyət dəyişikliyinə, bütövlükdə inqilaba bəslənən ümidlərin tam fiasko olmasıdır.

Baş nazir Nikol Paşinyanın “bal ili” çoxdan bitib, ancaq ac-yalavac ermənilərin gözəl güzəranla bağlı arzuları elə arzu olaraq qalır. Əksinə, düşmən ölkədə dolanışıq bir az da ağırlaşıb, Ermənistandan kütləvi köç davam edir. Amma kimə deyirsən, baş nazir öz xalqına “cənnət nağılları” danışmağa davam edir.

*****

Hələ iki il öncə “Yeni Müsavat” olaraq qeyd etmişdik ki, Ermənistanda hakimiyyət başında kim durur-dursun, Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapmayınca, blokada rejimi aradan qalxmayınca, Ermənistanın normal inkişafı, əhalisinin rifaha qoşulması mümkün olmayacaq. Nikol Paşinyanın “demokratik hökuməti”nin iki illik fəaliyyəti bunu bir daha təsdiqlədi.

Deməli, problem Ermənistanda hansı idarəçilik sisteminin mövcud olmasında yox, problemlərin problemi olan Dağlıq Qarabağ konfliktinin təcili həlli edilməsindədir. İnqilabdan keçən iki ilin ən mühüm nəticəsi əslində budur.

O da faktdır ki, keçən iki il ərzində gizli “qərbçi” Nikol Paşinyan bir dəfə də olsun, Rusiyaya rəsmi səfərə dəvət edilməyib, Kremldə rəsmən qarşılanmayıb. Ona görə ki, Paşinyan Kreml üçün arzuolunmaz şəxs olaraq qalır. Lakin hakimiyyətdə hansı erməni olur-olsun, Rusiyanın satellit ölkəyə ənənəvi münasibəti dəyişməzdir.

Yəni Moskva Ermənistanı tutaq ki, Azərbaycan kimi suveren atributlara malik, baş tutmuş, normal dövlət hesab etmir, onu özünün ucqar quberniyalarından biri sayır. Ermənistan baş nazirinin Rusiyaya rəsmi səfərə dəvət edilməməsinin daha bir nədəni bu. Belə olan surətdə tərəflər arasında münasibətlərin yüksək səviyyədə inkişaf tapacağını gözləməyə dəymir…

*****

“Məxməri” baş nazir bu reallıqların fərqində olmaya bilməz. Odur ki, Paşinyan vaxtaşırı Moskvanı “qərbçi” iynəsi ilə sancır, onu təhdid etməyə çalışır. Onun inqilabın 2-ci ildönümü ərəfəsində Rusiyanın “bostanı”na daş atması bu mənada təsadüfi sayıla bilməz. Nikol bununla, faktiki, Moskvanı şantaj edir ki, günün birində Ermənistan Qərbin yanına qaça bilər.

“Ermənistan tamamilə yeni xarici siyasət konsepsiyası qurmaqla özünün varlığını nümayiş etdirir. Ermənistan daha üçüncü sort ölkə statusu ilə barışmaq niyyətində deyil və mövqeyi ilə hesablaşılan dövlət kimi özünü aparmaq əzmindədir”.

“Yeni Müsavat”ın “Sputnik Armenii”ya istinadən verdiyi məlumata görə, bu sözləri Nikol Paşinyan ikinci ildönüm ərəfəsində parlamentdə etdiyi çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan özünün xarici tərəfdaşlarına hörmətlə yanaşır və eyni şeyi də onlardan tələb edir.

Söhbət təbii ki, Ermənistanın şəriksiz sahibi Rusiyadan gedir. Nikol Paşinyan əlbəttə ki, bununla nəinki Kremlin “bostanı”na daş atıb, hətta ona qarşı, faktiki, demarş edib – bunun nə qədər riskli olduğunu bilə-bilə. Çünki SSRİ tərkibində olduğu vaxtdan ta son 2 il də daxil, Ermənistan daim Moskvanın dotasiyası hesabına yaşayıb, heç vaxt müstəqil dövlət kimi özünü təsdiqləyə bilməyib.

İndinin özündə, yəni Paşinyan hakimiyyəti dövründə də işğalçı ölkənin Türkiyə və İranla sərhədini rus hərbçiləri qoruyur, Gümrüdəki Rusiya hərbi bazası isə Ermənistanın əsas təhlükəsizlik qarantı olaraq qalır, ölkə bütünlüklə Rusiyadan iqtisadi və energetik asılılıqda və borc içindədir, həmişəki kimi, rusun “əli”nə, “cib”inə baxır.

Odur ki, Paşinyanın budəfəki naqqallığının da ən əvvəl daxili auditoriyaya ünvanlandığı və gözdən pərdə asmaq üçün edildiyi zərrəcə şübhə doğurmur. Təsadüfi deyil ki, çıxışının davamında o, Rusiyaya işarə edərək, yuxarıda dediyi sözlərin müəyyən risklər doğura biləcəyini etiraf edib. “Ancaq mən və komandam artıq seçimimizi etmişik və bundan sonra məhz bu prinsipi rəhbər tutacağıq. Biz nəhayət, qərar verməliyik: döyülməmək üçün əlimizlə başımızı tutaq, yoxsa zərurət yarandıqda cavab zərbələri endirək?”

*****

Sözsüz ki, Moskvada Paşinyanın son hədyanlarını ciddiyə alacaqlar. Onsuz da Rusiyanın siyasi isteblişmentində və ekspert dairələrində ona münasibət heç vaxt yaxşı olmayıb. Moskvanın bir azca “qaza basması”, yəni Ermənistana satdığı təbii qazı azca bahalaşdırmaya yetər ki, işğalçı ölkədə vəziyyət daha dözülməz hala gəlsin, özündən razı Nikol Paşinyanın olan-qalan reytinqi isə həmişəlik quyunun dibinə düşsün. Biz hələ Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Rusiyanın adamı sayılan general Artur Vanetsyanın Kremlin rüsxəti ilə Paşinyan əleyhinə siyasi təşkilatlanmaya, partiya yaratmağa başlamasını demirik.

Yeri gəlmişkən, Paşinyan korionavirus pandemiyası ilə daha acınacaqlı vəziyyətə düşən Ermənistanın durumunu heç olmasa, qismən yaxşılaşdırmaq üçün neçə vaxtdır qazın qiymətində endirimə nail olmaq üçün Moskvaya yalvarır. Amma nəticə yoxdur. Onun parlamentdəki son çıxışından sonra yəqin ki, heç olmayacaq. Ancaq “məxməri” baş nazirin Kremlə yenidən “buynuz” göstərməsinin nəticəsi olacaq. Mütləq olacaq…
“Yeni Müsavat”

Загрузка...
Xəbərin olsun:  “Silahlar işə düşəcək” – TRAMP TƏHDİD ETDİ