Hakimlərimizə “soyuq duş” – Penaltilərin heç biri düzgün vurulmayıb – VİDEO – FOTOLAR

İdman Manşet SON XƏBƏRLƏR
Loading...

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümündə 11 metrlik cərimə zərbələrinin heç biri qaydalar çərçivəsində yerinə yetirilməyib.

Orman.Az “Report”a istinadla xəbər verir ki, ötən 17 tur ərzində vurulmuş 18 penaltinin hamısında cərimə meydanı daxilində kənar futbolçu olub. Beynəlxalq Futbol Assosiasiyaları Şurasının Oyun Qaydalarına əsasən, müdafiə olunan komandanın qapıçısı zərbə yerinə yetirilənə qədər qapı xətti üzərində, qapı dirəkləri arasında və üzü zərbəni vuran oyunçuya tərəf dayanmalıdır. Zərbəni yerinə yetirən futbolçudan başqa digər bütün oyunçular 11 metrlik nöqtədən ən azı 9.15 m (10 yard) məsafədə, 11 metrlik nöqtədən arxada, oyun meydanı daxilində və cərimə meydanından kənarda olmalıdırlar.

Zərbəni yerinə yetirən futbolçu və ya onun komanda yoldaşı Oyun Qaydalarını pozursa və top qapıya daxil olursa, zərbə təkrar edilir. Top qapıya daxil olmursa, hakim oyunu saxlayır və sərbəst zərbə təyin edir. Qapıçı və ya onun komanda yoldaşı Oyun Qaydalarını pozursa və top qapıya daxil olursa, qol qeydə alınır. Top qapıya daxil olmursa, zərbə təkrar edilir; qaydanı pozan qapıçıdırsa, ona xəbərdarlıq edilməlidir.

Hər iki komandanın futbolçuları Oyun Qaydalarını pozursa, zərbəni yerinə yetirənin daha ciddi qayda pozuntusu (aldadıcı manevr və s.) etdiyi hallar istisna olmaqla, zərbə təkrar edilir.

İlk 17 tur ərzində vurulmuş penaltiləri izləyən zaman, bütün hallarda hər iki komandanın ən azı bir oyuçusunun cərimə meydanı daxilində olduğunu görmək mümkündür. Belədə sual yaranır – hakimlər niyə buna göz yumur?

Penalti epizodlarını “Report”a şərh edən sabiq FIFA referisi Tahir Süleymanov bildirib ki, zərbəni yerinə yetirən futboçudan başqa digər oyunçunun cərimə meydanının xəttinə ayaq basması artıq qayda pozuntusudur: “Çünki xətt cərimə meydanına aiddir. Lakin belə xırdalığa görə referi tərəfindən müdaxilə olmamalıdır. Bir də var sonuncu turda “Sumqayıt”la matçda “Keşlə”nin futbolçusu penalti vuran zaman digərlərinin 3 – 5 metr irəli çıxmaları. Belə vəziyyətdə hakim müdaxilə etməlidir. Penaltinin vurulması qaydaları bəllidir. Bu cür halların baş verməməsinə cavabdehliyi baş hakim daşıyır. İstər qapıçı, istər zərbəni yerinə yetirən futbolçu, istərsə də cərimə meydanından kənarda olan oyunçulara eyni anda nəzarət edilməlidir. Qapıçı və topu vuran futbolçunu diqqətdə saxlamaq asandırsa, digər oyunçuların kütləvi halda qarşısını almaq baş hakimə müəyyən çətinliklər yaradır. 15 – 20 futbolçu zərbə vurularkən cərimə meydanına can atır. Bu da təbiidir, top geri qayıda bilər və futbolçular öz mövqelərini tutmaq istəyir”.

T.Süleymanovun sözlərinə görə, kənar futbolçuların penalti epizodunda kütləvi formada cərimə meydanına girmələrinin qarşısını almaq çətin məsələdir: “Belədə 11 metrlik zərbə dəfələrlə təkrar oluna və ya çoxsaylı futbolçulara sarı vərəqə verilə bilər. Bu vərəqələrdən bir neçəsi 2-ci sarıdırsa, əlavə çətinliklər, problemlər yaradar və ümumi görüşün ritmini pozmaqla son nəticəyə müdaxilə kimi görünər. Onsuz da penaltinin verilməsi ağır qərardır. Hakim şablonluqda əlavə nələrsə axtarsa, psixoloji və faktiki olaraq matça, tribunalara təsir etmiş olar. Ona görə tövsiyə odur ki, penalti yerinə yetirilərkən, futbolçular qapıçıya və vuran oyunçuya mane olunmayıblarsa, yayındırmayıblarsa, baş hakim oyunu davam etdirir. Bir şərtlə, qapıçı və dirəkdən dönən toplarda hər hansı rəqib üstünlük əldə etməsin. Bunları baş hakim müəyyənləşdirməlidir. Bununla yanaşı, hakimlərin epizodlara birmənalı yozumu mütləqdır. Ona görə müxtəlif seminarlar təşkil edilir, hakimlərə izahı verilir. Eyni qayda pozuntularına və ya oyun epizodlarına fərqli yanaşma olmamalıdır. Problemlər bundan qaynaqlanır”.

Sabiq FIFA referisi hesab edir ki, bu tip qayda pozuntuları qlobal problem deyil: “Hakim idarəçiliyində penalti təyin edilməsi, ofsaydın qeydə alınması, qırmızı vərəqənin göstərilməsi və digər ciddi qərarlarla yanaşı, qeyd olunan məsələ oyunlarda qlobal problem deyil və yaratmır. Təbii ki, hakim özü-özünə və futbolçulara mane olmur, durduğu yerdə problem yaratmırsa. Penalti duran topdur, qapıçı və vuran futbolçunun duelidir. Baş hakimin qaydalar çərçivəsində təfəkkürü, düşüncəsi, düzgün yanaşması olduğu halda, heç bir çətinlik, mübahisə yaşana bilməz. Təəssüf ki, qaydalarda boşluqlar yetərincədir. Şablonluq olmamalıdır. Belədə hakim istənilən an istədiyi kimi müdaxilə edər, oyunu poza bilər və ya məqsədli olar. Asiya futbolundan bir nümunə var: Hakim penaltini dəfələrlə təkrar vurdurur, sonda hər iki komanda usanır… Ona görə hakimlərə tövsiyə edilir ki, nəzarət edin, amma şablonluğa yol verməyin. Təsəvvür edin, penalti verilib, qapıçı əziyyət çəkir qaydalar çərçivəsində topu qaytarır, komanda yoldaşı isə 2 addım tez heç kimə mane olmadan cərimə meydanına daxil olub. Belə halda şablon qayda budur: təkrar zərbə, futbolçuya sarı vərəqə. Bəla da o olar ki, futbolçunun 2-ci sarısıdır. Deməli “qırmızı”… İncə məqamlar var. Zərbə vurularkən şablon qayda pozuntuları oyuna, nəticəyə, zərbənin vurulmasına, qapıçıya mane olmayıbsa, tövsiyə müdaxilə etməməkdir. Bundan hansısa komanda əlavə üstünlük qazanıbsa, təkrar zərbədən qol və s. kimi hallarda hakim müdaxilə edir. Aşırı dərəcədə meydana daxil olma varsa, bunu da baş hakim incələməlidir. Ümumiyyətlə, idarəçilikdə sonuncu qayda, yazılmamış qaydadır – hakim səviyyəsi, təfəkkürü, düşüncəsi. Qaydalar çərçivəsində oyunu, ritmini, baxımlılığını, obyektivliyi pozmamaq. Bu FIFA və UEFA-nın tövsiyə və tələbidir. Şablonluqla oyunlar idarə olunsa, heç bir görüş sona çatmaz. Əsas matçın ruhunu qaydalar çərçivəsində pozmamaqdır”.

Premyer Liqanın cari mövsümündə 18 penaltidən 15-i qolla nəticələnib. VI turda “Sabah”la səfər matçında “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçin zərbəsini Saşa Stamenkoviç dəf edib. XVII turda “Sumqayıt”la ev oyununda “Səbail”in hücumçusu Ruslan Qurbanovun qoluna Mehdi Cənnətov mane olub. XIV turda “Zirə” ilə səfər görüşündə isə “Qarabağ”ın yarımmüdafiəçisi Araz Abdullayevin zərbəsi qapı tirinə tuş gəlib.

IV turda “Səbail” ilə səfər qarşılaşmasında “Zirə”nin forvardı Pərdis Fərcad-Azad zərbəni dəqiq yerinə yetrisə də, sonradan AFFA İntizam Komitəsi qəsəbə təmsilçisinə texniki məğlubiyyət verib.

Ən çox penalti vurmaq imkanı əldə edən komanda “Qarabağ” olub – 5 dəfə. Ən az isə “Sumqayıt”la “Zirə” – hərəyə 1 dəfə belə imkan əldə ediblər. Hamıdan çox “Sumqayıt”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub – 4 dəfə. “Qarabağ”, “Neftçi” və “Qəbələ” isə hərəyə cəmi 1 dəfə qapılarında penalti görüb.

İndiyə qədər 12 müxtəlif futbolçu 11 metrlik zərbəni yerinə yetirib. Penaltidən ən çox qol vuran oyunçu Marko Deviçdir. Cari çempionatda hesabında 7 qol olan “Sabah”ın ukraynalı forvardı 3 dəfə “çərçivə”ni dəqiq nişan alıb.

I tur

“Keşlə” – “Sabah” – 0:1

Qol: Marko Deviç, 45+2 pen.

“Qarabağ” – “Zirə” – 3:2

Qollar: Filip Ozobiç, 28 (pen.); İnnosent Emeqara, 48, 85 – Mirsahib Abbasov, 56, 82

II tur

“Sabah” – “Sumqayıt” – 1:4

Qollar: Marko Deviç, 10 – Nicat Qurbanov, 19; Elvin Məmmədov, 34 (pen.); Şəhriyar Əliyev, 43; Ülvi İsgəndərov, 85

III tur

“Keşlə” – “Səbail” – 1:2

Qollar: Nikola Mitroviç, 75 (pen.) – Kevin Kubembe, 31, 50

“Qəbələ” – “Sumqayıt” – 1:1

Qollar: Təmkin Xəlilzadə, 43 (pen.) – Yusif Nəbiyev, 90+3

IV tur

“Səbail” – “Zirə” – 1:1 (texniki qələbə 3:0)

Qollar: Rahid Əmirquliyev, 84 – Pərdis Fərcad-Azad, 68 (pen.)

“Qarabağ” – “Sumqayıt” 1:0

Qol: Filip Ozobiç, 21 (pen.)

VI tur

“Sabah” – “Qarabağ” – 0:2

Qolla nəticələnməyən penalti: Filip Ozobiç, 50

VII tur

“Səbail” – “Sumqayıt” – 2:0

Qolla nəticələnməyən penalti: Ruslan Qurbanov, 9

IX tur

“Səbail” – “Keşlə” – 2:1

Qollar: Yevgeni Koçuk, 24 (pen.); Fəhmin Muradbəyli, 29 – Denis Silva, 90+2

XII tur

“Səbail” – “Neftçi” – 0:2

Qollar: Baqali Dabo, 42; Emin Mahmudov, 52 (pen.)

XIII tur

“Sabah” – “Neftçi” – 1:2

Qollar: Marko Deviç, 76 (pen.) – Anton Krivotsyuk, 21; Mirabdulla Abbasov, 39

IV tur

“Zirə” – “Qarabağ” – 6:0

Qolla nəticələnməyən penalti: Araz Abdullayev, 89

XV tur

“Zirə” – “Sabah” – 0:2

Qollar: Marko Deviç, 47 (pen.); Rəşad Eyubov, 68

XVI tur

“Neftçi” – “Keşlə” – 2:0

Qollar: Emin Mahmudov, 35, 68 (pen.)

XVII tur

“Qarabağ” – “Qəbələ” – 2:1

Qollar: Riçard Almeyda, 4 (pen.); Filip Ozobiç, 30 – Cavid Hüseynov, 29 (pen.)

“Keşlə” – “Sumqayıt” – 2:1

Qollar: Amil Yunanov, 28; Nikola Mitroviç, 90+1 (pen.) – Əfran İsmayılov, 72

Загрузка...