Ermənistana casusluq edənlərə layiqli cəzalar kəsilib – Baş Prokurorluqdan AÇIQLAMA

İctimai SON XƏBƏRLƏR
Loading...

Fevralın 7-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Modern.az xəbər verir ki, kollegiya iclasında Baş prokuror Zakir Qaralov çıxış edib.

Kollegiya iclasında qeyd edilib ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla 431 vəzifəli şəxs barəsində 278 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, həmin işlər üzrə 53.3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34.2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bildirilib ki, hesabat dövründə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və digər əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 159 qəsdən adam öldürmə cinayətlərindən 153 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 69 hadisənin isti izlərlə açılması təmin olunub. Qeydə alınmış 71 qəsdən adam öldürməyə cəhd cinayətlərindən 70 hadisənin açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,6 faiz təşkil edib.

Qeyd olunub ki, Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla əlaqəli şəkildə Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirilib.

Baş prokuror deyib ki, 2017-ci illə müqayisədə ötən il törədilmiş hərbi xidmət əleyhinə cinayətlər və qeyri-hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Xüsusi olaraq, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs barədə Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə ibtidai istintaqı aparılmış cinayət işi qeyd edilməklə, uğurla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının təxribat və terror fəaliyyətinin qarşısının alındığı, cinayət işi üzrə ibtidai istintaqın tamamlanaraq baxılması üçün müvafiq hərbi məhkəməyə göndərildiyi və həmin işlər üzrə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxslərin təqsirli bilinərək layiqli cəzalara məhkum edilmələri diqqətə çatdırılıb.

Kollegiya iclasında Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasının, insanların azadlıq hüququnun lüzumsuz məhdudlaşdırılmamasının təmin edilməsi, pozuntulara yol vermiş prokuror, müstəntiq və təhqiqatçılar barədə xüsusi qərarların çıxarılmasında prinsipiallıq nümayiş etdirilməsi əsas vəzifə kimi müəyyənləşdirilməklə qısa zamanda bütün neqativ təzahürlərin qarşısı alınması barədə tapşırıq verilib.

Загрузка...