Dövlətə xəyanətdə suçlanan şəxsi “siyasi məhbus” sayanlar kimlərdir? – GƏLİŞMƏ

Hadisə Manşet
Loading...

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən xeberman.com saytın redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılıb.

Dövlətə xəyanətdə suçlanan jurnalistin xanımı barəsində də cinayət işi açılıb.

Musavat.com-un məlumatına görə, bu barədə hakim Faiq Qəniyev məhkəmə iclasında məlumat verib.

Hakim deyib ki, onların yaşadığı evdəki axtarış qərarı Gülmirə Aslanovanın özü haqqında çıxarılıb. Onun da fəaliyyətinin xarici xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yönləndirildiyi haqda şübhələr olduğuna görə onunla bağlı da axtarış aparılmasına dair məhkəmə qərarı olub.

Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 134-cü maddələri ilə ittiham olunur.

Bu ittihamlarla onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Bundan başqa, Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə suçlanır. İttihama görə, həmin jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov tərəfindən hədələnib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.

Polad Aslanovun adı ölkənin bəzi qərbyönümlü təşkilatlarının hazırladığı siyasi məhbus siyahısına da salınıb. Demokrat.az saytı yazıb ki, Polad Aslanovu siyasi məhbus kimi tanıtmaqda iki şəbəkənin marağı var:

“Birinci şəbəkənin marağı Azərbaycanın adının daha bir ”siyasi məhbus” qalmaqalında hallanmasına nail olmaq, beləliklə, Qərbdəki anti-Azərbaycan dairələrin onların qarşısında qoyduğu missiyanı yerinə yetirməkdir.

İkinci şəbəkənin cari məqsədi isə Polad Aslanovun Qərb təşkilatları tərəfindən “siyasi məhbus” kimi tanıdılması və azad olunmasına nail olmaq, uzaq perspektivdə isə Aslanov kimilər üzərindən qurulan və bölgənin dini-klerikal dairələrinə bağlı dəstənin de-şifrə olmasının qarşısını almaqdır.

Burada Polad Aslanovun kimliyinin açıqlanmasına yenidən zərurət yaranır.

Polad Aslanov “Xeberman” və “Press-az” informasiya saytlarının təsisçisi və baş redaktoru olub. Rəhbəri olduğu saytlarda bölgənin, konkret olaraq, qonşu ölkənin dini dairələrinin maraqlarının müdafiəsini təşkil edib. Həmin dairələrlə təmaslar qurmaq və tapşırıqlar almaq üçün mütəmadi olaraq ölkəni tərk edib və geri qayıdıb. Onun bağlı olduğu dini dairələrin təsir gücünü artırmaq və bu qüvvələrə işləyən şəbəkəni genişləndirmək üçün müxtəlif insanlara pul təklif etdiyi, yaxud şantaj və təhdid etdiyinə dair faktlar var”.

“Yeni Müsavat”a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Polad Aslanovun adının hər hansı bir siyasi məhbus siyahısına salınması doğru deyil:

“Biz də bu məsələ ilə bağlı maraqlanırıq. Lakin məsələ burasındadır ki, hələ ki ortada məhkəmə qərarı yoxdur. Bəlkə elə bu adamı buraxacaqlar? Yaxud da bu adamın doğrudan da İrana işlədiyi sübuta yetiriləcək. Necə indidən hər hansı bir rəy vermək, onu siyasi məhbus adlandırmaq olar? Məhkəmə qərarı olmadığı üçün biz onunla bağlı heç bir şey deyə bilmərik. Lakin onu deyə bilərik ki, bu adamı hazırda siyasi məhbus siyahısına salmaq doğru deyil. Əgər doğrudan da İrana işlədiyi sübuta yetiriləcəksə, o zaman bunu necə siyasi məhbus adlandırmaq olar?”
“Yeni Müsavat”

Загрузка...
Xəbərin olsun:  İşsiz olan bu şəxslər üçün kiçik bizneslər yaradılacaq