Danışan ağac – Yalçın Cavaddan yeni hekayə

ədəbiyyat
Loading...


Bir il əvvəl dünyasını dəyişmiş bacım oğlu Tacir Əlilinin əziz xatirəsinə.

  • Ata, ağaclar danışa bilir?
  • Yox oğlum, ağacların ağzı yoxdur axı.
  • Bəs gecə yuxuda ağac mənimlə necə danışırdı?
  • Oğlum, bəlkə ağacın yanında adam var idi, o danışırdı səninlə?
  • Yox ata, heç kim yox idi. Danışan ağac idi.
  • Nə danışırdı sənə ağac?
  • Deyirdi qorxma. Hər şey yaxşı olacaq. Sən mənim yanıma gələcəksən.

Bilal altı ay idi Moskvadayadı. Oğlu Tağı ürəyindən əməliyyat olunmalı idi. 8 yaşlı uşağın ürəyində anadangəlmə qüsur tapılmışdı. Əməliyyata bir neçə gün qalmış həkimlər Tağının şansının az olmasını demişdilər. Hətta bu yaşa qədər yaşamasına möcüzə kimi baxırdılar. Amma Bilal ümidini itirməyərək uşağı ən yaxşı həkimlərə aparıb, son ümidini əməliyyata bağlamışdı.
Moskvada təbiət çox fərqli idi. Gün ərzində bir neçə dəfə hava tutulub açılırdı. Gah yağış yağır, gah da gün çıxıb səmada göy qurşağını parıldadırdı. Yay vaxtı yaşıllıq bütün Moskvanı ağuşuna alırdı.
Amma burda heç nə vətəndəki kimi deyildi. Mehdən titrəşən yarpaqlar da sanki rus dilində pıçıldaşırdı. İnsanlarında qəribə soyuqluq var idi. Hamı qaraqabaq gəzib dolaşır, nəyinsə dalınca qaçırdı. Həyatın qaynarlığı bir az da vahiməli idi. Bu qədər tələsən adamın içində qəriblər həyatın tempindən geri qalırdılar. Zaman sanki onlar üçün ləng gedirdi. Bilal üçün isə bu zaman demək olar ki, dayanmışdı.
Səhər Bilal Tağının palatasına daxil olanda tibb bacıları Tağıdan qan götürürdülər. Uşaq bu prosedurlara öyrəşmişdi. Uşaqlıqdan valideyinlərindən çox tibb bacıları və həkimlərin əhatəsində olmuşdu.
Bilalı görən kimi Tağı sevincək dedi:

  • Ata, səhərdən səni gözləyirəm. Gecə yenə yuxuda danışan ağacı gördüm. Gəl otur danışım.
    Bilal çarpayının kənarında oturub oğlunun qara, qıvrım saçlarına sığal çəkib balaca əlini əlinə aldı.
  • Danış balam. İndi nə dedi sənə ağac?
  • Ata, bu gecə ağacın yanına bir qız da gəlmişdi. Çox qəşəng qız idi. Ağac dedi ki, bu qız da onun dostudur.
  • Nə yaxşı, oğlum, sən də qızla dost oldun?
    Tağının ağarmış yanaqları birdən qızardı.
  • Hə ata, biz dost olduq. Qız məndən bir az böyük idi. Amma mənimlə çox mehriban idi. Əlimdən tutdu və məni gəzdirdi.
  • Harda gəzdiniz, oğlum?
  • Elə ağacın yanında. Ata, ağac bilirsən haradadır? Düz Bakıdakı binamızın qabağında. Mən Bakıda olanda o ağaca çox baxmışam.
    Bir anlıq Bilalın xəyalında məhlələri canlandı. Xəyalən Tağı danışdığı ağacı tapmağa çalışdı. Amma fikri yayılırdı deyə, oğlunun hansı ağacdan danışdığını tuta bilmədi.
  • Ata, ağac dedi ki, sən tezliklə gələcəksən mənim yanıma.
    Bilal fikrə getdi. İçindəki narahatlıq bir az səngidi. Fikirləşdi ki, hər şey yaxşı olacaq.
  • Əlbəttə, balam, əməliyyatdan sonra qayıdacağıq evimizə və sən o ağacın yanında oynayacaqsan.
    Tağı yenə bir az qızardı.
  • Ata, görəsən o qız da gələcək?
  • Yəqin ki, gələr, O qızın adı nə idi?
  • Adını demədi… Heç mən də soruşmadım. Yadımdan çıxdı…
  • Eybi yoxdur, ağıllı balam, bir də yuxuna girsə, soruşarsan.
  • Hə, ata, bu dəfə unutmayacam.
    Tağı bir az xəyala getdi. Yəqin yuxusundakı qızla danışacağı dialoqu fikirləşirdi.
    Elə bu vaxt Tağıya baş çəkmək üçün həkimlər palataya daxil oldu. Sabah tezdən əməliyyata başlayacaqlarını bildirdilər. Tağının anası Könül bu gecə Bakıdan gəlməli idi. Körpə uşaqlı olduğuna görə Moskvada çox qala bilmirdi.
    Səhər tezdən Bilal və Könül əməliyyat otağının qarşısında idilər. Tağıya narkoz verilmişdi. Əməliyyata lap az qalmışdı. Könül Bilalın sinəsinə sıxılıb xısın xısın ağlayırdı. Dua edirdi. Bilal yoldaşına hər şeyin yaxşı olacağını deyirdi. Bir birinə təsəlli verirdilər. Gecə Könül bir neçə saat oğlunun yanında qalmışdı. Uşaq anasının getməsini istəmirdi. Tağı yuxuya gedəndən sonra anası palatadan çıxmışdı. Dəhlizdəki oturacaqda ər-arvad bir az mürgü döymüşdülər. Hər ikisi yuxusuz idi.
    Bilal Tağının yuxularını yoldaşına danışırdı. Qadın hərdən gülümsəyərək gözlərindən ümid yaşı axıdırdı.
    Bir neçə saatın necə keçdiyini heç biri hiss etməmişdi. Onlar zamanın durduğu yerdə dayanıb, geri yaşamaq istəyirdilər. Lakin zaman amansızcasına saat əqrəblərində irəliyə doğru qaçırdı.
    Qəfil əməliyyat otağının qapısı açıldı. Həkim gözləri dolmuş vəziyyətdə Bilalın qarşısında dayandı.
  • Mən əlimdən gələni etdim. Amma bu yetərli olmadı. Başınız sağ olsun.
    Bilal həkimin üzünə baxırdı. Yenidən nəsə dəyəcəyini gözləyirdi. Ancaq həkimin nəsə deməyəcəyini anlayıb huşunu itirdi. Taqətsiz halda yıxıldı döşəməyə.

Bilal məhlədəki oturacaqlardan birində oturmuşdu. Mələk kimi oğlunun ölümündən on gün keçirdi. Həyətdə Tağı yaşda uşaqlar oynayırdı. Bilal Tağını da bu uşaqların arasında təsəvvür etmək istəyirdi. Ancaq ürək sıxıntısı ilə oğlunun bu həyatda olmadığını dərk edirdi.
Hər şeyi dəfələrlə yaddaşında canlandırmışdı. Tağının ürəyi dayanandan sonra zaman elə sürətlə getmişdir ki, Bilala olanlar yuxu kimi gəlirdi. Hərdən başı gicəllənirdi, ürəyi bulanırdı. Başını əllərinin arasına alıb hönkür hönkür ağlayırdı. Ağlı Tağını itirə biləcəyini demişdi. Amma ata olaraq qəlbində bu itkiylə barışmamışdı. Moskvadan necə qayıtdıqlarını tam xatırlamırdı. Könülün ah naləsindən başqa heç nə yadına düşmürdü. Moskvada yaşayan dostlarının xəstəxanaya nə vaxt gəldiklərini də yaxşı xatırlamırdı. Cənazənin xəstəxanadan çıxarılması, təyyarə ilə yola salınmasını onlar təşkil etmişdilər. Bakıya ayrı-ayrı təyyarələrdə dönmüşdülər. Bilal və Könül Tağının cənazəsindən bir neçə saat qabaq çatmışdılar evə. Yas məclisində tanıdığı, tanımadığı o qədər adam gəlmişdi ki, gəlib gedənlərə diqqət də edə bilməmişdi. Dost, tanış, qohumlar, qonşular nə qədər təsəlli versələr də, Bilal rahatlıq tapa bilmirdi. Hamının sözü ona boş gəlirdi. Ürəyinə çəkilmiş dağı içində yaşayırdı. Amma ağlamaqdan başqa çarəsi yox idi. İndi övladını itirmiş valideyinləri anlamağa başlamışdı. Özü vaxtı ilə neçə valideynə, şəhid ailəsinə təskinlik vermişdi. Öz sözlərinin mənasızlığını indi anlayırdı. Tez tez nəfəsi daralır, ürəyi sıxılırdı. Nə barədə düşünəcəyini belə bilmirdi.
Bilal əlini gödəkçəsinin cibinə salıb siqaret çıxardı. Alışqanı tapmaq üçün ciblərini axtardı. Birdən əli cibindəki mismara toxundu. Tez mismarı çıxardıb nə olduğunu anlamağa çalışdı. Yadına düşdü ki, bu mismarı tabut məsciddə açılanda kimsə qoymuşdu onun ovucuna, o da mismarı qeyri ixtiyari qoymuşdu gödəkçəsinin cibinə . Niyə bu mismarı ona vermişdilər, anlaya bilmirdi. Amma oğlunun yadigarı kimi mismar bir anda Bilal üçün doğmalaşdı. Mismarı öpüb qoxladı. Barmaqlarını mismara sürtüb xəyala daldı. Oğlunun körpəlikdən son anlarına qədərki həyatı bir daha film kimi xəyalında canlandı. Qəhərdən gözləri yaşardı. Başını astaca qaldırıb kiminsə ona baxıb baxmamasına əmin olmaq istədi. Bu zaman gözü binanın qabağındakı hündür, qalın gövdəli çinar ağacına sataşdı. Tağının yuxularını xatırladı. Oğlu ilə yuxuda danışan ağacın məhz bu ağac olduğunu düşündü. Durub qoca ağaca yaxınlaşdı. Bilal, uşaqlıqdan ağacı elə bu böyüklükdə xatırlayırdı. Amma bu ağac heç vaxt Bilalın xüsusi diqqətini çəkməmişdi.
Ağacın yarpaq dolu budaqları dörd bir tərəfə uzanır, ağacın altına sərin kölgə salırdı. Bilal qeyri-ixtiyari ağaca sarıldı. Sanki oğlunun yuxularına sarılmışdı. Yenə gözləri yaşarmağa başladı. Oğlunun həmsöhbətinin onunla danışmasını istəyirdi. Üzünü ağaca söykəyib düşündü: görəsən, oğlum gəldimi? O qızla görüşdümü? Adını soruşdumu? Qəhər Bilalı elə boğurdu ki, gözlərinin yaşı dayanmırdı.
Bilal əlindəki mismarı ağaca sürtməyə başladı. Bununla nəsə olacağına inanırdı. Nə olacağını bilmirdi. Sanki ağaca “Bax, Tağının yadigarıdı” deyirdi. Birdən ağlına gəldi ki, mismarı ağaca vursun. Uşaqlıqda meyvə ağaclarına mismar vurulmasını xatırladı. Əl damından nərdivan və çəkic gətirdi. Nərdivanı ağaca söykəyib dırmaşdı yuxarı. Mismarı çəkiclə ağacın qalın gövdəsinə vurdu. Elə yerə vurdu ki, heç kim mismarı görməsin. Nərdivandan düşərkən gözünə bir parıltı sataşdı. Nərdivanın son pilləsinə qalxıb parıltının nə olmasını aydınlaşdırmaq istədi. Barmağı ilə parıltı gördüyü yeri təmizləməyə başladı. Ağacın qabığının aralarına dolmuş toz torpağı təmizlədi və parıltının mismarla ağaca vurulmuş qızıl nişan üzüyü olduğunu gördü. Bir anlıq yerində donub qaldı. Üzüyün vurulduğu mismarın çox çürük və paslı olması bu üzüyün bura çoxdan vurulmasından xəbər verirdi. Bilal nərdivandan düşüb bir siqaret yandırdı. Ağlında ağacı, üzüyü, Tağının yuxularını, Tağının yuxuda gördüyü qızı, indicə ağaca vurduğu mismarı cəmləmək istəyirdi. Oğlu ilə dostlaşmış o qızın bu üzüklə əlaqəsi olduğunu düşündü. Üzük bəlkə də o qızın nişan üzüyü idi. Bəlkə də Bilal yanılırdı. Bütün bu olanlar təsadüf də ola bilərdi. Ancaq Bilal hər şeyin məhz onun düşündüyü kimi olmasını istəyirdi. Tağının o dünyada tək olmadığını, dostları ilə bir yerdə olmasını istəyirdi. Kiçik oğlunun qaranlıq və zülmət qəbirdə tək olması fikrindən qurtulmaq istəyirdi…
Səhər Bilal yuxudan tez oyandı. Uşaq otağına keçib beşikdə mışıl mışıl yatan qızı Nazlıya baxdı. Könül artıq oyanıb mətbəxdə qəlyanaltı hazırlayırdı. Bilal mətbəxə keçib Könülü qucaqladı. Qadının göz yaşları hazırladığı qəlyanaltıya qarışmışdı. Ağlamaqdan gözləri şişmişdi. Bilal dedi:

  • Yuxuda Tağını gördüm.
    Könül doluxsunub dedi:
  • Balam heç mənim yuxularıma gəlmir… Nə gördün? Nə edirdi Tağı?
  • Ağacın altında görüşdük. Bir az böyümüşdü. Kişiləşmişdi oğlum. Dedi ki, ata, narahat olma. Mən burdayam. Sonra bir qız peyda oldu. Əlindən tutub mənə dedi: ata, tanış ol, bu Əsmərdi.
Загрузка...