“Dərslərin keçildiyi MicrosoftTeams-ə giriş pulsuz edilsin” – TƏKLİF

Sosial
Loading...

Koronavirus pandemiyası çoxsaylı ölkələrdə təhsilin distant formasından istifadəni şərtləndirib. Azərbaycan və əksər region ölkələri sentyabrdan distant və əyani formanın ikisindən də istifadə etməklə tədrisi bərpa edib. Ölkədə həftənin 2-3 günü əyani, qalan günlərdə isə distant tədris aparılır.

Tədrisin başlanmasından 10 günə yaxın müddət keçib, artıq MicrosoftTeams proqramı vasitəsilə təşkil olunan distant təhsilə qoşulmaqda çətinliklərlə üzləşən insanların narazılıqları baş qaldırır. Əsas problemlər internetin sürətinin zəif olması, vətəndaşların xeyli hissəsinin evində stasionar telefon olmadığına görə bahalı mobil internetdən istifadə etməyə məcbur qalması, bir çox hallarda evlərdə internetə qoşulmağa imkan verən müvafiq mobil cihazın olmaması, bir neçə övladı dərsə qoşulmalı olan valideynlərin bunu çatdıra bilməməsi və sairlə bağlıdır.

Qeyd edək ki, analoji problemlər ötən tədris ilinin sonlarından – distant təhsilin tətbiqi başlanandan yaranmaqdadır. Bir çox ölkələrdə meydana çıxan belə problemlərin həllində dövlət vətəndaşlara ciddi dəstək verib. Məsələn, Gürcüstanda ehtiyacı olan ailələrin övladlarına planşet və noutbuklar paylanıb. 7 min məktəbdə 3 .3 milyon şagirdin təhsil aldığı Qazaxıstanda ehtiyacı olan şagirdlərin hamısının kompüter təminatını hökumət öz üzərinə götürüb. Belə ki, hökumət bu məqsədlə monitorinq keçirib və bunun əsasında bu dərs ilində həssas qrupdan olan şagirdlərə 450 000 kompüter paylayacaq.

Təkcə bir vilayətdə, Alma Ata -da 55 min kompüter üçün büdcədən 19 milyon dollar, Nur Sultanda 34 min kompüter üçün 14 milyon dollar vəsait ayrılıb. Ümumilikdə bu məqsəd üçün büdcədən 150 milyon dollar sərf olunması qərara alınıb.

Azərbaycanda yaranmış problemləri necə həll etmək olar? “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, dövlət dəstək verməsə, bu problem həllini tapmayacaq və minlərlə uşaq təhsildən kənarda qalacaq: “Düşünürəm ki, vəziyyətdən çıxış yolları var və Nazirlər Kabineti təcili bu istiqamətdə tədbirlər görməlidir. Birinci addım kimi hökumət bir sıra təhsil saytlarına və ümumiyyətlə, dövlət internet resurslarına girişi pulsuz etməlidir. Bütün universitetlərin və təhsil müəssisələrinin saytlarına, Virtual təhsil platforması – Microsoft Teams-ə, Təhsil Nazirliyinin bütün resurslarına, eGov portalına giriş pulsuz olmalıdır (yəni giriş üçün tələb olunan trafik ödənişsiz olmalıdır). Burada əsas problem, düşünürəm ki, milli təhsil platformamız olmadığından (nə üçün olmaması başqa bir müzakirə mövzusudur), beynəlxalq resurs olan Teams ilə bağlı ola bilər. Yəni ölkəmizdə xeyli sayda təhsil alan və təhsil verən bunun üzərində ”oturduğundan” trafik hədsiz yüksək ola bilər. Fikrimcə, bizim magistral operatorlarda (Delta Telekom və AzerTelecom) ölkə üzrə Teams trafiki ilə bağlı dəqiq məlumatlar var. Və dövlətin dəstəyi ilə onu qarşılamaq olar.

Əgər hökumət, Təhsil Nazirliyi milli təhsil platforması yaratmayacaqsa, onda trafikə bu qədər pul xərcləməkdənsə, elə mövcud müqavilə çərçivəsində Microsofta təklif etmək olar ki, Data Mərkəzini Azərbaycanda qursun. Xatırladıram ki, Microsoft Teams platforması Təhsil Nazirliyi və adı çəkilən şirkət arasında bağlanmış müqavilə çərçivəsində ölkəmizdə pulsuz istifadə olunur”.

Mütəxəssisin fikrincə, təhsil alanlar üçün pulsuz giriş təmin olunan bu tip internet resurslarla bağlı vahid bir siyahı da müəyyən etmək olar: “İkinci addım olaraq provayderlərə və telekommunikasiya operatorlarına göstəriş verilməlidir ki, internet trafiki bitən, müqavilə üzrə ödəniş müddəti başa çatan istifadəçilərin internet bağlantısı kəsilməsin və adıçəkilən siyahıdakı saytlara girişə imkan yaradılsın. Yəni bu tip resurslar üçün istifadə olunan internet trafikin xərci provayderlər hesabına olacaq. Düşünürəm ki, .az domen zonasında yerləşən saytlar üçün bunu reallaşdırmaq elə də çətin bir iş deyil. Bu zaman provayderlərin və operatorların pulsuz trafiklə bağlı xərclərini qarşılamaq üçün hökumət onlara əlavə güzəştlər tətbiq edə bilər, büdcədən resurslar ayırmaq olar, pulsuz internet resurslarda reklamlar yerləşdirmək imkanı yaratmaq olar və s. Ümid edirəm hökumət tezliklə təhsil alanlar və təhsil verənlər üçün ciddi bir problemə çevrilən internet məsələsini həll edəcək və təhsil xidmətini əlçatan edəcək”.

O.Gündüz həmçinin qeyd edir ki, Təhsil Nazirliyi yay tətili müddətində bütün ölkə üzrə şagirdlərin və müəllimlərin internetə əlçatanlığı və kompüter təminatı ilə bağlı faydalı bir monitorinq və sorğular təşkil edib: “Bunun nəticəsi olaraq nazirliyin əlində təhsil alanlarla bağlı internetə əlçatanlıq və texniki-texnoloji vəziyyət haqqında informasiya toplanıb. Düşünürəm ki, real vəziyyəti əks etdirən bu informasiya distant təhsilin bütün ölkə boyu keyfiyyətli formada tətbiqindən şübhələnmək üçün ciddi əsaslar yarada biləcək.

Hazırda real vəziyyət elədir ki, hökumət bütün ölkə boyu distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb. Digər ölkələrdə olduğu kimi bu problemin həllində hələlik əlavə büdcə resursları, digər köməkliklər səfərbər olunmayıb. Əksinə, vətəndaşların alıcılıq qabiliyyətini zəiflədə biləcək gömrük limitinin endirilməsi ilə bağlı Nazirlər Kabinetinin 305 saylı qərarı da sentyabrın 20-dən qüvvəyə minib”.

Ekspert qeyd edir ki, əhalinin 50 faizinin yaşadığı kəndlərdə xeyli sayda təhsil alanlar və təhsil verənlər təhsil prosesinin iştirakçısı olmaqdan məhrumdurlar: “Eyni zamanda internetin qiymətləri də distant təhsilin keyfiyyətli formada təşkili üçün əlavə maneçiliklər yaradır. Təhsil Nazirliyinin isə distant formada təhsilin təşkilini keyfiyyətli olaraq reallaşdırmaq imkanları yoxdur. Bir daha bildirmək istərdim ki, mövcud vəziyyət həqiqət ürəkaçan deyil. Buna görə də əgər hökumət, başqa qonşu ölkələrdə olduğu kimi, distant təhsilin təşkili üçün zəruri olan texniki-texnoloji təminata büdcədən vəsait ayırmaqda çətinlik çəkirsə bir neçə alternativlər tapmaq olar.

Məsələn, imkan yaratmaq olar ki, ortabab vətəndaş normal noutbuku 1500- 2000 manata bizim mağazadan deyil, elektron ticarət yolu ilə – poçtla 500-600 dollar ödəməklə xarici internet mağazalardan alıb gətirsin. Həmçinin vətəndaş övladının distant təhsili üçün zəruri olan smartfonu da bu qayda ilə daha ucuz əldə edə bilərdi. Bunun üçün isə hökumət şəxsi məqsəd üçün gətirilən mallara gömrük limitinin müəyyən edilməsi ilə bağlı Nazirlər Kabinetinin 305 saylı qərarına yenidən baxmalıdır. Fikrimcə, hökumət 20 sentyabrdan qüvvəyə minən qərarı ya əvvəlki vəziyyətə qaytarmalı, ya da vətəndaşın poçtla gətirə biləcəyi malın məbləğini (limiti) ortabab telefon və ya noutbuk ala biləcək vəziyyətdə (təxminən 700 dollar ətrafında) saxlamalıdır. Belə olan halda distantın keyfiyyətli təşkilində hökumətin də yükü xeyli azala bilər. Və Nazirlər Kabineti yalnız daha həssas qrupa daxil olan təbəqə üçün texniki-texnoloji təminatı öz üzərinə götürməli olar”.

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, distant təhsillə bağlı əsas problem internetin sürəti və qiyməti ilə bağlıdır: “Bizim monitorinqlərimiz göstərir ki, əsas problemlər internetin keyfiyyəti, yəni sürəti və qoşulma tarifinin yüksək olması ilə bağlıdır. Hətta əldə etdiyimiz məlumatlara görə, bir çox provayderlər istehlakçılara müqavilədə üzərlərinə götürdükləri sürətdən daha aşağı sürətlə internet trafiki təqdim edirlər. Bu isə onlayn dərslərin təşkili, məktəblilərin həmin dərslərə qatılması baxımından ciddi problemlər yaradır. Buna görə də düşünürəm ki, həm internetin sürətinin artırılması, həm də internet tariflərinə yenidən baxılması vacibdir. Bu zaman internet tariflərinin bir hissəsi subsidiya edilə bilər. Beləliklə, internetin keyfiyyəti yüksələrsə, tariflər ucuzlaşarsa məktəblilərin onlayn dərslərə qoşulmaq imkanları genişlənər. Hesab edirik ki, bu məsələlərə baxılmalı və mövcud çətinliklər aradan qaldırılmalıdır”.

Qeyd edək ki, Azərbaycanda 4450-yədək orta məktəbdə 1,5 milyona yaxın şagird təhsil alır. Ölkədə ünvanlı sosial yardım alan ailələr aztəminatlı ailə hesab olunur. Hazırda belə ailələrin sayı 80 min civarında, onların tərkibində uşaqların sayı isə 150 min ətrafındadır. Bu uşaqlardan distant təhsilə cəlb olunanların dövlət tərəfindən təhsil müddətində kompüter və ya planşetlə təmin olunması üçün tələb olunan vəsait ən çoxu 150 min manat edə bilər. Dövlətin bu xərci qarşılamaq imkanları isə kifayət qədərdir. Yetər ki, istək olsun…
Yeni Müsavat”

Загрузка...
Xəbərin olsun:  İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib