Biz Səməd Vurğunu sevməliyikmi?

ədəbiyyat Manşet SON XƏBƏRLƏR
Loading...

Səməd Vurğun haqqında ifrat mənfi fikirdə olan şəxslərin əllərindəki ən böyük faktlar şairin repressiya illərində böyük Azərbaycan şair və yazıçıları haqqında yazdığı bəzi şeir və məqalələrdir.
1937-ci ilin may iyun ayları Azərbaycan mədəniyyətinin qətliam tarixidir. Bu ilin yaz və yay ayları Azərbycana dəyən zərbə tarixin heç bir dönəmi ilə müqayisə edilə bilməz. Bu bir ölüm-qalım savaşı idi. Əslində həmin ana qədər Mircəfər Bağırovdan başlamış, rəhbər vəzifə tutan şair və yazıçılara qədər, hər kəs bu yöndə dəfələrlə söhbətlər aparmış, çox vacib şəxsiyyətlərin repressiyadan xilasına çalışmışdı.
Təəssüf ki, yuxarıya çatan məlumatlar və toplanmış faktlar əsasında repressiyaya qurbanlarının siyahısı demək olar ki, heç kəsə məlum deyildi. Təsadüfi deyil ki, 37-ci ildə sürgün edilən və öldürülən şəxslər arasında son illər az qala rəhbərliyə yalvaran, yuxarının xoşuna gəlmək üçün bütün yollara əl atan şəxslər də var idi.
Səməd Vurğunu da Azərbaycan ədəbiyyatında bədnam etməyə çalışan şəxslər onun məhz bu an yazdığı, xüsusilə də azman şair Hüseyn Cavid haqqında 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “Səadət düşmənləri” şeiridir. Bəli, bu şeiri Hüseyn Cavidi anlayan hər hansı müstəqil Azərbaycan vətəndaşı oxusa, haqlı olaraq içində Səməd Vurğuna qarşı sonsuz kin yaranacaq. Əslində biz Səməd Vurğuna bu şeiri yazmaqda haqq qazandırmaq fikrimiz də yoxdur. Sadəcə, məsələnin kölgəsində qalan bəzi sarı səhifələri yenidən vərəqləyib, nəticəni sizə təqdim etmək istəyirik. Həmin şeir qəzetdə 37-ci ilin 16 iyununda dərc edilib.
Bu vaxt Cavid artıq həbs olunmuşdu. Eyni zamanda ardıcıl Azərbaycanın say-seçmə şəxsiyyətləri qaranlıq gecələrdə “qara maşınlara” mindirilib aparılırdı.
Vurğunun həmin təhqiramiz şeiri demək olar ki, hər kəsə bəllidir. İndi isə Stalinin ölümündən sonra Mircəfər Bağırovun Səməd Vurğun haqda verdiyi ifadəyə baxaq:
Bağırov deyir:
“1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə müraciət etdi: “Hüseyn Cavid və Abbas Mirzə Şərifzadəni həbsdən azad edib, geri dönmələrinin bir yolunu tapmaq olmazmı?”
Ondan ötəri ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz onu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir”. (Keçmiş müəllimi” dedidkdə, Bağırov Cavidi nəzərdə tutur)
Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid etmişəm”. O, qatı millətçi kimi necə vardısa, görünür elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı”

Səməd Vurğunu Mikayıl Müşfiqin ölümündə də ittiham edirlər. Sovet dönəmində Azərbaycanın baş prokuroru olan İlyas İsmayılov vəzifədə olduğu dönəmdə Mikayıl Müşfiqin cinayət işinə baxdığını deyir: “Hələ Azərbaycanın Respublika Prokroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şaiyələr yayılmışdı. Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər”.

Yazıçı Vidadi Babanlı özünün “Gizlinlər” romanında yazır:
“Bir gün Səməd Vurğunla Fadeyev Puşkin meydanında gəzişirmiş. Vurğunu arxadan kimsə səsləyir, şair öncə çağırışa məhəl qoymur. İkincə dəfə çağırıldıqdan sonra geriyə dönən vurğun Mircəfər Bağırovu görür. Bağırov ondan Azərbaycana nə vaxt dönəcəyini soruşur. Yaxın günlərdə Vətənə dönməyi düşünməyən Səməd Vurğun o an həyəcandan özünü itirir və “sabah” cavabını verir. Mir Cəfər də deyir ki, “lap yaxşı oldu, bir yerdə, mənim vaqonumda gedərik. Ertəsi gün vaqonda yeyib-içəndən sonra Bağırov deyir:

-Səməd, bilirsən mən səni nə qədər çox istəyirəm?

Vurğun isə cavabında bildirir ki, “bilirəm, Mir Cəfər Abbasoviç, məni oğlunuz qədər istəyirsiniz”.

Bağırov isə ona “Yox, oğlumdan çox istəyirəm, Səməd, ürəyində həyata keçməyən arzun varsa, de, bəlkə o arzunu yerinə yetirə bildim”, deyir.

Vurğun da sadəlövh adam, həm də ki, keflənib. Dilindən çıxarır ki, bəs Mikayıl Müşfiq çox cavan, istedadlı şair idi, onu günahsız tutdular, bəlkə onun buraxılmasına kömək edəsiniz. Mir Cəfər onun sözünü kəsir, əsəbi halda deyir: “Sən nə danışırsan?

Səməd çəkinsə də özünü toplayıb Müşfiqin şeirlərindən bir neçə bənd deyir, sonra da soruşur ki, yoldaş Bağırov, bu şeirlərdə antisovet ruhlu nə var axı? Mir Cəfər bir az fikrə gedir:

-Sən məni inandırdın, Bakıya qayıdan kimi bu işlə məşğul olaram, Müşfiqi axtarıb tapdıraram.

Onda Səmədgil Müşfiqin çoxdan güllələndiyini bilmirlərmiş.

Bu hadisədən bir həftə sonra Mərkəzi Komitədə partiya fəallarının yığıncağında tribunada çıxış edən Bağırov birdən üzünü zala tutub qəzəbli tonda deyir:

“Yoldaşlar! Biz bəzi adamlara həddən artıq inanıb, irəli çəkmişik, onlara hər cür şərait yaratmışıq. Amma sən demə, onların ürəyində, beynində Sovet hökumətinə, sosialist quruluşuna qarşı nifrət var” . Sonra barmağını Səmədə tuşlayır: “Vot, odin iz nix ”“ qospodin Samed Vurqun Vekilov! Na dnyax on prosil menya osvobodit yaroqo vraqa naşeqo naroda Mikaila Muşfiqa!”

Yalnız bundan sonra Səməd də, yerdə qalanlar da başa düşürlər ki, Bağırovun S. Vurğunu öz vaqonuna dəvət etməkdə məqsədi şairdən söz almaq olub”.
Viddi Babanlının romanında qələmə alınan bu səhnənin canlı şahidləri bildirir ki, yığıncağın birinci hissəsi başa çatanda bir neçə dəqiqə ərzində Səməd Vurğunun əlləri əsdiyindən pencəyinin düymələrini bağlaya bilmir. İkinci hissəyə qədər özünü toplayan şair Bağırovdan söz alır. Artıq öldürüləcəyinə əmin olan Vurun yığıncaqda alovlu bir çıxış edir. Hər kəs onun elə iclas zalından birbaşa qandallanacağını düşünür. Şairin çıxışı bitən kimi zalda ani sakitlik olur. Ardınca Bağırov aramla Səmədi alqışlayır. Bağırovun ardınca hamı Səmədi alqışlayır. Beləcə möcüzəvi şəkildə Səməd Vurğun növbəti dəfə ölümdən qurtulur.

Səməd Vurunu sevməyimiz üçün bilməli olduğumuz nöbbəti fakt isə Azərbaycanın ən qədim tarixinin yatdığı “Qobustan” qoruğu ilə bağlıdır.
Hansı ki, 50-ci illərdə Qobustanda daş karxanası yaradılaraq burada qayaları kəsib müharibədən qayıdan əsgərlərə ev tikirlərmiş. Qobustan qayalarını araşdıran alim İshaq Cəfərzadənin Bağırova bu bardə yazdığı məktub diqqətən kənarda qalır.
Daha doğrusu Bağırov İshaq Cəfərzadəyə belə deyir: “Sən o qayalarda üç-beş cızıq tapmısan deyə mən sovet əsgərlərinə ev tikməməliyəm?!”
Əlacsız qalan İshaq Cəfərzadə o vaxtlar Elmlər Akademiyasının vitse-prezidenti olan Səməd Vurğuna müraciət edir. Həmin vaxt atasıyla Qobustana gedən mərhum Vaqif Səmədoğlu baş verənləri belə xatırlayırdı: “Ən azı 50-60 qaya kəsilmişdi. Üzərindəki rəsmləri gözlərimlə görmüşəm. Bu, dəhşət idi…”
Məhz bu ziyarətdən sonra Qobustan buldozerlərdən xilas olunur. Yarım əsr sonra isə bu qayalar UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilir.

Загрузка...