Bakının silahlanma strategiyası: savaş hazırlıqları bitib – TƏHLİL

Manşet Siyasət
Loading...

Sabah Xocalıq soyqırımının 28-ci ildönümü tamam olur. Erməni işğalçı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi bu misli görünməmiş vəhşilik aktı həm də Qarabağ münaqişəsi zamanı torpaqlarımızda həyata keçirilən növbəti etnik təmizləmə kimi tarixə düşüb. Lakin üstündən üç on illiyə yaxın vaxt ötsə də, dünyanın gözü qarşısında yaşanmış bu antibəşəri, qan donduran cinayətə görə düşmən hələ də zərrəcə utanc hissi keçirmir.

Əksinə, həyasızcasına soyqırıma görə məsuliyyəti Azərbaycanın üstünə atmağa çalışır.

Belə bir sərsəm iddianı son dəfə Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində qatıldığı panel müzakirələr zamanı dilə gətirdi. Təbii ki, total yalanlara öyrəşən bir millətin “demokrat” rəhbərindən də Dağlıq Qarabağ ətrafında cərəyan edən olaylarla bağlı fərqli, yəni obyektiv və ədalətli yanaşma gözləmək absurd olardı. Özünə yalançı tarix uydurub həmin tarix əsasında da qonşu Türkiyəyə, Azərbaycana və Gürcüstana əsassız ərazi iddiaları irəli sürən ermənilərin Xocalı həqiqətlərini etiraf eləməsini gözləmək həm də məntiqsizlikdir. Hərçənd kimin kim olduğunu, Xocalı da daxil, işğal altındakı Azərbaycan ərazilərində nələrin baş verdiyini, o sırada etnik təmizləmələri Qərbdə də, Şərqdə də hamı yaxşı bilir.

Məsələ də ondadır ki, işğal elədiyi torpaqları dünyaya bu günədək “azad edilmiş ərazilər”, yaxud “təhlükəsizlik zolağı” kimi təqdim etməyə çalışan, başqa sözlə, işğal və etnik təmizləmə faktlarını riyakarcasına danan mənfur qonşular əslində ədalətli sülhdə maraqlı olmadıqlarını nümayiş etdirməkdədirlər. ATƏT-in Minsk Qrupu çərçivəsində illərdir aparılan sülh danışıqlarının İrəvan tərəfindən sabotaj edilməsinin tək səbəbi də bu: işğalçı ölkə bununla ümid edir ki, atəşkəs sonsuzadək uzanacaq və günün birində bundan bezən Azərbaycan işğal faktı ilə barışmalı olacaq, kapitulyasiya aktına imza atacaq.

Təbii ki, belə bir şey gözlənilmir. Azərbaycan prezidenti İlham Əliyevin Münhendə debatda Paşinyana dediyi kimi, buna imkan verilməyəcək. Azərbaycanın öz hərbi gücünü, Ermənistan üzərində iqtisadi-hərbi üstünlüyünü ildən-ildən artırmasının yeganə hədəfi də budur: əlverişli geosiyasi şərtlər yetişən kimi, Dağlıq Qarabağ ətrafındakı heç olmasa, bir neçə rayonu qısa zamanda azad edib işğalçını danışıqlar masası arxasında fakt qarşısında qoymaq. Şübhə yox ki, cəmi ikicə rayonun hərb yolu ilə azad olunması düşməni ədalətli sülh haqqında ciddi şəkildə düşünməyə vadar edəcək.

*****

Ona da şübhə yox ki, hərbi gücümüzün artırılmasında yeni və daha müasir silahlar və döyüş maşınlarının alınması məxsusi yer tutur. Sevindiricidir ki, hərbi parkımızın təkmilləşdirilməsində Azərbaycan NATO ölkələri ilə də əməkdaşlığı genişləndirir. Söhbət təkcə NATO üzvü olan qardaş Türkiyədən getmir. Bu, öz yerində. Ötən həftə prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində məlum oldu ki, ölkəmiz digər NATO dövləti İtaliyadan M-346 döyüş təyyarəsi alacaq.

“Azərbaycanın İtaliyadan aldığı M-346 təyyarəsinin texniki xüsusiyyətləri onun döyüş məqsədli istifadəsinə də imkan yaradır”. Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli “M-346″ təlim-döyüş təyyarəsi haqqında danışarkən deyib.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri hərbi aviasiya parkının yenilənməsi üçün köklü dəyişikliklər istiqamətində ciddi addımlar atmaqdadır: “İlk dəfə 2017-ci il mayın 10-da Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarının birində İtaliyanın ”Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346″ tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib. Azərbaycanlı pilotlar bu təyyarə ilə yaxından tanış olublar və bundan sonra həmin aviasiya vasitəsinin bizim üçün əhəmiyyəti araşdırılıb”.

Ekspert deyib ki, ötən üç il ərzində aparılan sınaq-araşdırmalardan sonra bu təyyarənin Azərbaycan üçün rentabelli olması qənaətinə gəlinib. Artıq təyyarənin alınması ilə bağlı yekun addım da atılıb və “M-346″ Azərbaycan ordusunun aviasiya parkında yer alacaq: ”Xüsusi qeyd etmək lazımdır ki, “M-346″ təlim təyyarəsi öz sinfində ən yaxşılardan biri hesab olunur. Azərbaycan yaxın illərdə döyüş aviasiya parkını müasir texnologiyalarla gücləndirəcək və bu da hava məkanında üstünlüyümüzün tam bərqərar olmasını təmin edəcək”.

R.Məmmədlinin qənaətincə, bu satınalma Azərbaycan HHQ-nin təyyarə parkının Qərb texnologiyasına inteqrasiya edəcəyinə bir işarədir: “Artıq belə qənaətə gəlmək olar ki, pilotlarımız Rusiya istehsalı olan döyüş aviasiya vasitələrinə üstünlük verməyəcək və döyüş təyyarə parkımız Sovet-Rusiya asılılığından xilas olacaq”.

Məsələnin hərbi-siyasi tərəfinə gəldikdə isə hərbi ekspert bildirib ki, müdafiə sənayesinin sərt qaydalarının tətbiq olunduğu regionda Azərbaycanın NATO-ya üzv ölkə ilə bu səviyyədə satınalma həyata keçirməsi rəsmi Bakının ciddi siyasi iradə nümayiş etdirməsindən irəli gəlir: “Bu həm də Ermənistana bir mesajdır. Avropa şirkətləri ilə iri satınalma layihələri həyata keçirə bilməyən Ermənistan, əlbəttə ki, Azərbaycanın İtaliya ilə ”M-346″ təyyarələrinin alınmasını sakit qarşılaya bilməyəcək. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələri son illərdə hava hücumundan müdafiə və aviasiya sahəsinin gücləndirilməsi üçün ciddi addımlar atmaqdadır. Gözləntilər odur ki, Azərbaycan yaxın illərdə döyüş aviasiya parkını müasir texnologiyalarla gücləndirəcək və bu da hava məkanında üstünlüyümüzün tam bərqərar olmasını təmin edəcək”.

*****

Hava məkanında üstünlük indinin özündə də ölkəmizə məxsusdur. Əksər hərbi analitiklər isə hesab edirlər ki, havada hərbi aviasiyanın üstünlüyü quru əməliyyatlarının nəticəsini müəyyən edən əsas amildir. Ancaq Bakı hələ ki Dağlıq Qarabağ konfliktinin dinc həllinə olan inamı tam itirməyib və səbirlə sülh qapılarını açıq saxlayır.

“İşğal bitənədək BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələri qüvvədədir”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə keçirdiyi “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib (APA).

Hacıyev konfransın Xocalı soyqırımının ildönümünə təsadüf etdiyini xatırladıb: “Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra edilənə qədər qüvvədədir”.

PA yetkilisi onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların aktiv rolu mühüm sayılır: “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına mühüm rol oynayırlar. Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır”.

*****

Lakin rəsmi Bakı dinc danışıqlarla yanaşı, güc variantını da masa üzərində saxlayır və özünün hərbi-döyüş qüdrətini durmadan artırır. Necə deyərlər, sülh istəyiriksə, gərək müharibəyə hazır olaq. Azərbaycan müharibəyə hazırdır. O sırada Bakı doğru olaraq, silahlanma məsələsində şaxələnmə siyasəti aparır ki, işğalçı ölkənin əsas hərbi-siyasi müttəfiq olan Rusiyadan silah asılılığımız minimuma ensin.

Əlbəttə ki, hamıya aydındır ki, on illərlə gedən nəticəsiz sülh danışıqları günün birində genişmiqyaslı hərbi əməliyyatlara gətirə bilər. Təsadüfi deyil ki, Azərbaycan tərəfi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bu xüsusda bir daha mövcud status-kvoya sonsuzadək dözməyəcəyi barədə açıq xəbərdarlıq edib. Bu, həmçinin o anlama gəlir ki, vasitəçi dövlətlər, beynəlxalq birlik təcavüzkar Ermənistanı konstruktiv mövqe tutmağa vadar eləmək üçün hərəkətə keçməlidir. Hər halda, yeni müharibə Minsk Qrupunun həmsədr dövlətlərinin Güney Qafqazdakı maraqları üçün də təhlükə vəd edir…
“Yeni Müsavat”

Загрузка...
Xəbərin olsun:  ÜST Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir