Azərbaycanda istixanalardakı tullantılardan yeni növ gübrə hazırlanıb

İqtisadiyyat
Loading...

Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu Azərbaycanda istixanalarda tullantı kimi yaranan yaşıl kütlənin hesabına yeni növ – yaşıl gübrənin əldə edilməsi ilə bağlı biznes plan və layihə hazırlayıb.

Bunu Trend-ə institutun direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda, xüsusilə Bakıətrafı ərazilərdə 2500 hektara yaxın ərazidə istixanalar var. Bu istixanalarda pomidor, xiyar, badımcan və s. yetişdirilir:

“Həmin bitkilərin məhsul vermə dövrü bitdikdən sonra onların gövdələri istənilən bir yerə daşınaraq oraya tullantı kimi tökülür. Bu qədər istixanadan il ərzində 200-250 min ton yaşıl kütlə əldə edilir. Həmin kütləni bir yerə toplayaraq onları bakteriyalar vasitəsilə cüzi yumşaldıb zərərli bakteriyalardan xilas etmək və bundan sonra yaşıl gübrə hazırlamaq, ondan təsərrüfatlarda istifadə etmək olar”.

Ə.Quliyev qeyd edib ki, mineral gübrələrdən fərqli olaraq, yaşıl gübrələr bioloji, üzvü maddələrlə daha zəngindir. Mineral maddələr də əlavə etməklə onlardan əkinçilikdə istifadə etmək olar.

Alim bildirib ki, yaşıl gübrələr ətraf mühit üçün daha xeyirlidir: “Mineral gübrələri normadan çox vermək torpaqdakı canlı aləmi məhv edir. Ancaq yaşıl gübrənin torpağa heç bir ziyanı yoxdur. Bu gübrənin hazırlanması ətraf mühitin tullantı problemlərinin həllinə çox böyük kömək edər. Digər tərəfdən, kənd təsərrüfatında ondan istifadə ucuz başa gələr”.

Загрузка...